Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Yeni Azərbaycan Partiyasının 2018-ci il 8 fevral tarixli VI Qurultayının Qərarı ilə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Heydər oğlu Əliyevin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2018-ci il fevralın 9-da partiyanın səlahiyyətli nümayəndəsi tərəfindən Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56-cı və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 52-ci, 54-cü və 180.1-ci maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilsin.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin