RƏSMİ SƏNƏDLƏR


2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat məqsədləri üçün ayrılmış ödənişsiz efir vaxtını bölmək məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən olunması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə namizədlərin qeydiyyatı başa çatma ərəfəsindədir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, prezidentliyə namizədlərin İctimai teleradio verilişləri təşkilatının kanallarında seçkiqabağı təşviqat məqsədilə ödənişsiz efir vaxtı almaq hüquqları vardır. İctimai Televiziya və Radio Yayımları Şirkəti bu məqsədlə qanunvericilikdə nəzərdə tutulandan artıq həcmdə efir vaxtı ayırmışdır. Bu vaxtın hüququ olan subyektlər arasında bölüşdürülməsi məqsədilə püşkatma komissiyası yaradılmalı, püşkatmanın yeri və vaxtı müəyyən olunaraq bu barədə məlumat püşkatmaya 24 saat qalanadək rəsmi dərc edilməli, maraqlı subyektlər məlumatlandırılmalıdır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.4-cü və 80.6-cı maddələrinə əsasən, həmin Məcəllənin 75-ci maddəsində göstərilən müddət başlandıqdan sonra bir həftə müddətində Məcəllənin 74.1.3-cü və 74.1.6-cı maddələrində nəzərdə tutulmuş subyektlər arasında onların verdikləri ərizə əsasında ödənişsiz efir vaxtının bərabər şərtlərlə və bərabər həcmdə bölünməsi məqsədilə püşkatma keçirilir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 80.7-ci maddəsinə əsasən püşkatma müvafiq seçki komissiyasının və teleradio verilişləri təşkilatları nümayəndələrinin iştirakı ilə, habelə qeydə alınmış namizədlərin, onların səlahiyyətli nümayəndələrinin, vəkil edilmiş şəxslərinin, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxslərinin, yerli və beynəlxalq müşahidəçilərin iştirak etmək hüququ nəzərə alınmaqla, püşkatmanın yeri və vaxtı haqqında məlumatlar rəsmi dərc edilməklə keçirilir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 74-cü, 75-ci, 80.1-ci və 80.4 – 80.7-ci maddələrinə əsasən qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçkiqabağı təşviqat aparmaq üçün İctimai Televiziya və Radio Yayımları Şirkətinin ayırdığı ödənişsiz efir vaxtını bölmək məqsədilə Mərkəzi Seçki Komissiyasında aşağıdakı tərkibdə püşkatma komissiyası yaradılsın:

Qabil Orucov – Mərkəzi Seçki Komissiyasının üzvü

Fuad Cavadov – Mərkəzi Seçki Komissiyasının üzvü

Almaz Qəhramanlı – Mərkəzi Seçki Komissiyasının üzvü

Şahin Əsədli – Mərkəzi Seçki Komissiyası Katibliyi

Media və ictimai əlaqələr şöbəsinin müdiri

2. Püşkatma 2018-ci il martın 19-u saat 16.00-da Mərkəzi Seçki Komissiyasının inzibati binasında keçirilsin.

3. Bu barədə məlumat püşkatmaya 24 saat qalanadək rəsmi dərc edilsin, maraqlı subyektlər məlumatlandırılsın.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin