CƏMİYYƏT


2018-ci ilin birinci yarısında Suraxanıda 1401 yeni daimi iş yeri açılıb

Bakı, 13 iyul, AZƏRTAC

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilib. Bu barədə AZƏRTAC-a rayon icra hakimiyyətindən məlumat verilib.

İclasda rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək vurğulayıb ki, ölkə əhalisinin yüksək fəallığı şəraitində, mütəşəkkil, şəffaf şəkildə keçirilən, insanların yüksək əhval-ruhiyyə ilə iştirak etdikləri 11 aprel prezident seçkiləri İlham Əliyevin inamlı qələbəsi ilə başa çatıb. Bu, bir daha təsdiq edir ki, Prezident İlham Əliyev xalqın böyük hörmət və rəğbətini qazanıb.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında səsləndirdiyi başlıca müddəalar barədə ətraflı məlumat verən İlqar Abbasov bildirib ki, dövlətimizin başçısı tərəfindən ölkədə bütün istiqamətlər üzrə aparılan islahatlar, irəli sürülən təşəbbüslər sabitlik, əmin-amanlıq şəraitində reallaşıb, əldə edilən uğurlar ölkəmizi daha da gücləndirib, Azərbaycanın bütün regionlarının inamlı inkişaf dinamikası saxlanılıb.

İcra başçısı deyib ki, hesabat dövründə Suraxanı rayonunun hərtərəfli sosial-iqtisadi inkişafı təmin edilib, 2018-ci ilin altı ayı ərzində rayonda ilkin hesablamalara görə sənaye məhsulunun istehsalı 171,9 milyon manat, tikinti-quraşdırma işləri 46,6 milyon manat, nəqliyyat xidmətləri 6,5 milyon manat, pərakəndə ticarət dövriyyəsi 432,6 milyon manat olub, orta aylıq əmək haqqı 605 manat təşkil edib, əhaliyə 143,3 milyon manat məbləğində pullu xidmətlər göstərilib, 1401 yeni daimi iş yeri açılıb. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan və təməli 2017-ci ildə qoyulan Hövsan yaşayış kompleksində binaların tikintisi davam etdirilir.

İlqar Abbasov hesabat dövründə rayon ərazisində görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, görülən işlər nəticəsində rayon əhalisinin 100 faizi elektrik enerjisi, 98 faizi məişət qazı, 96 faizi su ilə təmin olunur, istilik sistemlərində təmir-bərpa işləri davam etdirilib. Hazırda 2018-2019-cu illərin istilik mövsümünə hazırlıq işlərinə başlanılıb.

Bildirilib ki, mövcud “Nümunəvi abad məhəllə”lərdə bərpa-təmir işləri aparılıb, IDEA İctimai Birliyinin təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində abad məhəllənin salınması işləri davam etdirilib. 2018-ci ilin 6 ayı ərzində ətraf mühitin yaxşılaşdırılması tədbirləri davam etdirilib, neft əməliyyat şirkətləri tərəfindən ümumi sahəsi 3,7 hektar olan müxtəlif ölçülü 56 gölməçə qurudulub, neftlə çirklənmiş 12,18 hektar torpaq sahəsi təmizlənib.

İcra başçısı qeyd edib ki, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü, habelə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rayonda silsilə tədbirlər keçirilib, 15 iyun – Milli Qurtuluş günü ilə əlaqədar Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə konfrans təşkil olunub.

Son illər ərzində turizmin inkişafı istiqamətində mühüm addımların atıldığını deyən icra başçısı bildirib ki, rayonun əsas turizm obyekti olan “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğuna 2018-ci ilin 6 ayı ərzində 20677 nəfər ziyarətçi gəlib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 80 faiz çoxdur.

“Rayon əhalisinin sosial müdafiəsinin gücləndirilməsi məsələlərinə daim diqqət göstərilib, DSMF-nin rayon şöbəsi tərəfindən bu dövr ərzində 9378 nəfərə 105,0 min manat məbləğində sosial müavinət verilib, 169 nəfər tənha, əlil vətəndaşa evlərində sosial xidmət göstərilib, Rayon Məşğulluq Mərkəzi 369 nəfəri işlə təmin edib. Azərbaycan Prezidentinin tapşırığına əsasən işsiz vətəndaşların ödənişli ictimai faydalı işlərə cəlb edilməsi proqramı davam etdirilib”, - deyə İ.Abbasov əlavə edib.

İclasda çıxış edənlər qazanılan uğurlardan və mövcud problemlərdən danışıb, qarşıda duran vəzifələrlə bağlı fikir və təkliflərini söyləyiblər.

Sonda rayonun ictimai həyatında və digər sahələrdə fəal iştirakına görə bir qrup şəxs rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilib.

Şuranın geniş iclasında Milli Məclisin deputatı Ağacan Abıyev iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.