Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı

Azərbaycan Respublikası Prezidentinin

2018-ci il 16 noyabr tarixli

Sərəncamı ilə təsdiq edilmişdir

1. Giriş

Müasir dövrdə təhsilin iqtisadi həyatda artan rolu Azərbaycanda prioritet istiqamət kimi bilik iqtisadiyyatının formalaşdırılmasını və insan kapitalının inkişafına dövlət dəstəyinin davam etdirilməsini, ümumən ölkədə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasını müstəsna dərəcədə əhəmiyyətli edir. İnkişaf etmiş ölkələr davamlı və uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail olmuşlar.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, “qara qızılın insan kapitalına çevrilməsi” olmuşdur. Dövlət Proqramının uğurlu icrası cəmiyyət həyatının ən müxtəlif sahələri üçün milli kadrların yetişdirilməsi ilə yanaşı, gənclərin elmə, müasir texnologiyalara və qabaqcıl biliklərə marağını xüsusilə artırmışdır. Proqram çərçivəsində təhsil almış və Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda çalışmağa başlamış məzunlar ixtisas sahələrinə uyğun əmək fəaliyyəti ilə bərabər, qazandıqları bilik və təcrübəni ölkənin ali təhsil müəssisələrində paylaşaraq akademik fəaliyyətlə də məşğuldurlar.

Proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanmış, yüzlərlə gənc Harvard Universiteti, Yel Universiteti, Oksford Universiteti, Bristol Universiteti, Sorbonna Universiteti, Kioto Universiteti, Toronto Universiteti, Heydelberq Universiteti, Bilkənd Universiteti, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu kimi nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün əhəmiyyət daşıyan sahələrdə təhsil almış və ya almaqdadırlar. Həmin gənclər hazırda dünyanın aparıcı təşkilat və şirkətlərində (BMT, NASA, “Microsoft”, “Google”, “Bloomberg”, “Samsung”, “LG” və s.) təcrübə keçməyə dəvət edilmişlər. Onlar yaşadıqları ölkələrin ictimai-mədəni həyatında yaxından iştirak etməklə, Azərbaycan tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğində və diaspor işində xüsusi fəallıq göstərirlər. Həmin gənclərin Amerika Birləşmiş Ştatları (ABŞ), Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa, Koreya Respublikası və Yaponiya kimi ölkələrdə azərbaycançılıq məfkurəsi və milli dəyərlər ətrafında təşkilatlanması ölkəmizin maraqlarının həmin ölkələrdə qorunmasına xidmət edir.

Təhsillərini yüksək akademik göstəricilərlə tamamlayan gənclər Azərbaycana qayıdaraq müxtəlif müəssisə və təşkilatlarda əmək fəaliyyətinə başlamışlar. Həmin məzunlar ali məktəblərin (“ADA” Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti və s.) professor-müəllim heyətinin akademik bacarıqlarının müasirləşdirilməsində və tədrisin təşkilində nümunə olmaqla, həmin təhsil müəssisələrinin inkişaf prosesində mühüm rol oynayırlar.

Son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” dayanıqlı və rəqabətqabiliyyətli inkişafı təmin edən, insan kapitalının inkişafını daim diqqətdə saxlayan, insan resurslarının yetişdirilməsi və idarə edilməsini gerçəkləşdirən müasir təhsil sisteminin başlıca məqsədlərini müəyyənləşdirmişdir. Bir sıra innovativ layihələr gerçəkləşdirilmiş, o cümlədən 2014-cü ildən başlayaraq Azərbaycan Respublikasının ali təhsil müəssisələrində “Savadlı, Bacarıqlı və Hazırlıqlı” tələbələrdən ibarət SABAH Qrupları yaradılmış, bir neçə ölkənin nüfuzlu universitetlərinin Azərbaycanda filialları (M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, M.Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı filialı) açılmış, beynəlxalq ikili diplom proqramlarının (Azərbaycan Turizm və Menecment Universiteti Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə, Bakı Ali Neft Məktəbi Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə, "ADA" Universiteti ABŞ-ın Miçiqan Dövlət Universiteti və Niderlandın Maastrixt Menecment Məktəbi ilə, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Fransanın Strasburq Universiteti ilə “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)”) həyata keçirilməsinə başlanılmışdır.

Bununla yanaşı, qloballaşma şəraitində yeni iqtisadi çağırışlara uyğun rəqabət qabiliyyətli mütəxəssislərin hazırlanması, insan kapitalının davamlı və dayanıqlı inkişafına nail olunması üçün ölkəmizdə ali təhsilin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi xüsusi aktuallıq kəsb edir. Bu baxımdan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” ilə müəyyən edilmiş fəaliyyət istiqamətləri nəzərə alınmaqla ali təhsil sahəsində yeni Dövlət Proqramının qəbul edilməsi zəruridir.

2. Dövlət Proqramının məqsədləri

“2007–2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində əldə olunan təcrübə və nailiyyətlərdən faydalanaraq, müasir kompetensiyalara malik insan resurslarına olan ehtiyacın Azərbaycan Respublikasının ali təhsil müəssisələrində hazırlanması yolu ilə Azərbaycanda insan kapitalının dayanıqlı inkişafının təmin edilməsi, eləcə də Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” hazırlanmışdır.

Proqramın əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir.

Ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi vacib prioritetlərdəndir. ABŞ, Almaniya, Avstraliya, Böyük Britaniya, Fransa və Yaponiya kimi ölkələrdə, xüsusilə ötən əsrin sonlarından etibarən aktuallaşmış transmilli təhsil modelinin Azərbaycan Respublikasında tətbiqi uğurlu nəticənin əldə olunmasına şərait yaratmalıdır. Bu baxımdan beynəlxalq ikili diplom proqramlarının ölkəmizdə tətbiqinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir. Bununla əlaqədar, ölkənin inkişaf prioritetlərinə uyğun ixtisaslar üzrə ali məktəblərimizdə tədrisin dünyanın qabaqcıl ali təhsil müəssisələrinin tədris proqramlarına uyğun olaraq təşkili təmin edilməlidir.

“ADA” Universiteti ilə Niderland Krallığının Maastrixt Menecment Məktəbinin “Biznesin idarə olunması” ixtisası üzrə 2 illik birgə magistratura layihəsi, Bakı Ali Neft Məktəbinin Böyük Britaniyanın Heriot-Vat Universiteti ilə 3 texniki ixtisas üzrə birgə bakalavriat səviyyəsi üzrə kadr hazırlığı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsi çərçivəsində 4 texniki ixtisas üzrə birgə bakalavriat proqramı qeyd edilən sahədə atılmış uğurlu addımlardır. Mövcud təcrübənin genişləndirilməsi yaxın perspektivdə Azərbaycan təhsil sisteminin inkişafı, beynəlmiləlləşdirilməsi və təhsilin keyfiyyət səviyyəsinin yüksəldilməsi kimi əsas məqsədlərə nail olunmasına imkan verməlidir.

Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır. Belə ki, əcnəbi mütəxəssislərin yerli təhsilverənlərlə birgə davamlı fəaliyyətinin qurulması onların ölkəni tərk etdikdən sonra belə təhsil sisteminə töhfə vermələrini təmin etməli, nəticədə ali təhsil müəssisələrinin müasir elmi-tədqiqat və innovasiya mərkəzlərinə çevrilməsi prosesi sürətlənməli və onların dünya reytinqində irəliləməsi təmin olunmalıdır. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin dünya miqyasında nüfuzu artdıqca, gələcəkdə onların müstəqil şəkildə əcnəbi tələbə və professor-müəllim heyətini cəlb etməsi imkanları genişlənməli, beynəlxalq reytinq cədvəllərində irəliləməli, ölkənin sürətli inkişaf tempinə uyğun mütəxəssis hazırlığı mümkün olmalıdır.

Bununla yanaşı, xaricdə dövlət hesabına təhsil sahəsində əldə edilmiş təcrübə əsasında yerli ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədilə doktorantura səviyyəsi üzrə Azərbaycan Respublikası vətəndaşlarının seçiminin təkmilləşdirilməsi, onların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi və təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması tələb olunur. Bu istiqamətdə işəgötürənlərin, eləcə də elm və ali təhsil sahəsinin tələblərinin müəyyən edilməsi və müvafiq sahələrdə iş təcrübəsinə malik mütəxəssislərin ixtisaslarının artırılmasına dəstəyin göstərilməsi ilə qısa müddətdə müxtəlif sahələr üzrə Azərbaycan Respublikasının ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislər yetişdirilməlidir.

Eyni zamanda, Proqram müştərək maliyyələşmə prinsipi əsasında mütəxəssislərin hazırlanmasında işəgötürənlərin iştirakı ilə nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq arzusunda olanlar üçün imkanların genişləndirilməsinə xidmət etməlidir. Doktorantura səviyyəsi üzrə kadr hazırlığının aparılacağı xarici ali təhsil müəssisələrinin dar ixtisaslaşmalar üzrə dünya reytinqlərinin nəzərə alınması müxtəlif sahələrdə yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasının səmərəliliyini artırmalıdır.

Azərbaycan Respublikasında təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası, qeyd olunan əsas məqsədlərin yerinə yetirilməsi beynəlxalq səviyyəli mütəxəssis və tədqiqatçıların yetişdirilməsində irəliləyişi təmin etməlidir.

3. Dövlət Proqramının icra istiqamətləri

3.1. Dövlət Proqramı çərçivəsində Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 (beş) beynəlxalq ikili diplom proqramının təsis olunması və onların icrasına dair monitorinqin nəticələrinə uyğun olaraq layihənin davam etdirilməsi, bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi, xarici mütəxəssislərin cəlb olunması ilə Azərbaycan Respublikasının ali təhsil müəssisələrində inzibati heyətin təlimi proqramlarının, elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər) heyətin təlimi və tədris proqramlarının yenilənməsi, beynəlxalq ikili diplom proqramının maliyyələşdirilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

3.1.1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili;

3.1.2. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması;

3.1.3. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi;

3.1.4. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrinin inkişaf göstəricilərinin beynəlxalq reytinqlərin tələblərinə uyğunlaşdırılması;

3.1.5. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələri üzrə elmi -tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi;

3.1.6. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması;

3.1.7. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması;

3.1.8. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində təlim-tədris prosesində iştirak edəcək əcnəbi-professor müəllim heyətinin fəaliyyətinin təşkili, onların ezamiyyət xərclərinin və əməyinin ödənilməsi sisteminin beynəlxalq standartlara uyğun qurulması;

3.1.9. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti ilə əmək, tibbi və sosial sığorta, habelə sosial müdafiə sahələrində münasibətlərin şərtlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunması;

3.1.10. əmək bazarının tələbatı nəzərə alınmaqla, beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində çalışacaq əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması;

3.1.11. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin iştirakı ilə qrant əsaslı elmi-tədqiqat proqramlarının həyata keçirilməsi;

3.1.12. xarici ali təhsil müəssisələrində çalışan azərbaycanlı mütəxəssislərin beynəlxalq ikili diplom proqramlarının təsis edildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilməsinin təmin olunması;

3.1.13. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti və tələbə kontingenti ilə bağlı məlumatların idarə olunması məqsədilə müvafiq ali təhsil müəssisələri ilə birgə elektron bazanın yaradılması;

3.1.14. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutan elmi-tədqiqat strukturlarının yaradılması və elmi araşdırma proqramlarının hazırlanması;

3.1.15. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı mexanizmin yaradılması;

3.1.16. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin tədrisə alternativ yollarla cəlb olunması üçün beynəlxalq əməkdaşlığın təşviq edilməsi;

3.1.17. beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət və şəxsi vəsait hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması;

3.1.18. beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və cari xərclərinin maliyyələşdirilməsi mexanizminin hazırlanması.

3.2. Dövlət Proqramı çərçivəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin akademik imkanlarının gücləndirilməsi məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

3.2.1. Dövlət Proqramına uyğun olaraq təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi, o cümlədən xaricdə doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin seçiminə və onların təhsillərinin maliyyələşdirilməsinə dair normativ hüquqi aktların hazırlanması;

3.2.2. xaricdə doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin Azərbaycan Respublikasında işlə təmin olunmaları məqsədi ilə tədbirlər görülməsi, bununla bağlı normativ hüquqi aktların müddəalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması;

3.2.3. Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil almaları üçün ixtisas istiqamətləri üzrə beynəlxalq reytinqləri nəzərə alınmaqla xarici ali təhsil müəssisələrinin siyahısının müəyyən edilməsi;

3.2.4. Azərbaycan Respublikası vətəndaşlarının doktorantura səviyyəsi üzrə təhsil alacaqları ixtisas istiqamətlərinin respublikanın inkişaf prioritetlərinə uyğun müəyyən edilməsi;

3.2.5. Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması;

3.2.6. doktorantura səviyyəsi üzrə yüksək reytinqli xarici ali təhsil müəssisələrində və xüsusi ixtisaslaşmış elm-təhsil mərkəzlərində təhsilin maliyyələşdirilməsinin təşkili;

3.2.7. Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alanların işəgötürənlərlə birbaşa əlaqələndirilməsi, araşdırma və təhsil nailiyyətlərinin monitorinq sisteminin yaradılması;

3.2.8. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində işlə təminatı sahəsində əlaqələndirmə mexanizminin yaradılması;

3.2.9. “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan şəxslərlə bağlı mövcud elektron bazanın bu Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsilin tələblərinə uyğun təkmilləşdirilməsi.

4. Dövlət Proqramının maliyyələşdirilməsi mənbələri

4.1. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

4.1.1. Azərbaycan Respublikasının Dövlət Neft Fondu;

4.1.2. beynəlxalq təşkilatların (fondların) texniki və maliyyə yardımları;

4.1.3. kreditlər və qrantlar;

4.1.4. mülkiyyət formasından asılı olmayaraq, xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri;

4.1.5. qanunla qadağan olunmayan digər mənbələr.

5. Gözlənilən nəticələr

5.1. Dövlət Proqramının icrasından aşağıdakı nəticələrin əldə olunması gözlənilir:

5.1.1.beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına nail olunması;

5.1.2. beynəlxalq ikili diplom proqramlarının həyata keçirildiyi Azərbaycan Respublikası ali təhsil müəssisələrinə əcnəbi professor-müəllim heyətini əmək fəaliyyətinə cəlb etməklə, ali təhsil sistemində aparılan islahatların sürətləndirilməsinə, həmin ali təhsil müəssisələrinin müasir tələblərə uyğunlaşdırılmasına, idarəetmə və beynəlxalq əməkdaşlıq bacarıqlarının təkmilləşdirilməsinə, universitetlərin beynəlxalq reytinqinin yüksəlməsinə və elm-tədqiqat profilli təhsil müəssisələrinə çevrilməsinə nail olunması;

5.1.3.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris olunan beynəlxalq ikili diplom proqramlarının beynəlxalq akkreditasiyasına nail olunması;

5.1.4.Azərbaycan Respublikasının ali təhsil müəssisələrində beynəlxalq ikili diplom proqramlarını həyata keçirməklə onların nüfuzunun artmasına və regional təhsil mərkəzlərinə çevrilməsinə nail olunması;

5.1.5. Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqi;

5.1.6. ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına nail olunması;

5.1.7. Azərbaycan Respublikası vətəndaşlarına aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının genişləndirilməsi;

5.1.8. işəgötürənlərlə əlaqələrin qurulması nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların işlə təminatı.

6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı

Sıra №-si

Tədbirin adı

İcraçı orqanlar

İcra müddəti

6.1. Yerli ali təhsil müəssisələrində beynəlxalq ikili diplom

proqramlarının təsis edilməsi

6.1.1.

Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ölkənin ehtiyac duyulan ixtisaslar üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birgə beynəlxalq ikili diplom proqramlarının təşkili

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər qurumlar

2019–2023

6.1.2.

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə tədris proqramlarının xarici ali təhsil müəssisələrinin təcrübəsi əsasında hazırlanması

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

2019–2023

6.1.3.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində tədris prosesinin beynəlxalq təcrübə nəzərə alınmaqla təşkili

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

2019–2023

6.1.4.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əcnəbi professor-müəllim heyətinin kurikulumların yenilənməsi işinə cəlb edilməsi

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

2019–2023

6.1.5.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin inkişaf göstəricilərinin beynəlxalq reytinqin tələblərinə uyğunlaşdırılması

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

2019–2023

6.1.6.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələri üzrə elmi-tədqiqatların, Azərbaycan alimlərinin elmi məqalələrinin nüfuzlu beynəlxalq elmi nəşrlərdə dərcinin təşviq edilməsi

Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

2019–2023

6.1.7.

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin seçilməsi prosedurları və meyarlarının hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu

2019

6.1.8.

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ixtisas proqramlarının və təhsil səviyyələrinin seçilməsi meyarlarının hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, tabeliyində ali təhsil müəssisəsi olan digər qurumlar

2019–2023

6.1.9.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində təlim-tədris prosesində iştirak edəcək əcnəbi-professor müəllim heyətinin fəaliyyətinin təşkili, ezamiyyətlərinin maliyyələşdirilməsi sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları

2019–2023

 

6.1.10.

əmək bazarının tələbatı nəzərə alınmaqla, Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyətinin mühazirəyə cəlb ediləcəyi tədris fənlərinin siyahısının hazırlanması

Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

mütəmadi

6.1.11.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində yerli və əcnəbi professor-müəllim heyətinin, istedadlı tələbələrin elmi araşdırmalarda birgə iştirakını nəzərdə tutan elmi-tədqiqat qruplarının yaradılması və elmi araşdırma proqramlarının hazırlanması

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

mütəmadi

6.1.12.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb edilən əcnəbi professor-müəllim heyətinin akademik fəaliyyətinin keyfiyyətinin monitorinqi və tədris prosesinin nəticələrinin qiymətləndirilməsi ilə bağlı mexanizmin yaradılması

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

mütəmadi

6.1.13.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulan ali təhsil müəssisələrində ehtiyac duyulan sahələr üzrə əcnəbi mütəxəssislərin tədrisə alternativ yollarla cəlb olunması üçün beynəlxalq əməkdaşlığın təşviq edilməsi

 

Təhsil Nazirliyi, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

mütəmadi

6.1.14.

beynəlxalq ikili diplom proqramları çərçivəsində dövlət vəsaiti və öz vəsaiti hesabına təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının sayının illər üzrə proqnozlaşdırılmasına, ikili diplom proqramlarının gələcək dayanıqlılığına dair mexanizmin hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları

2019–2023

6.1.15.

beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və cari xərclərinin maliyyələşdirilməsi mexanizminin hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu, tabeliyində ali təhsil müəssisəsi olan digər dövlət qurumları

2019

6.1.16.

Azərbaycan Respublikasının beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb ediləcək əcnəbi professor-müəllim heyəti ilə bağlı məlumatların idarə olunması məqsədilə ali təhsil müəssisələri ilə birgə elektron bazanın yaradılması

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycan Milli Elmlər Akademiyası, tabeliyində ali təhsil müəssisələri olan digər dövlət qurumları

2019–2020

6.2. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin

akademik imkanlarının gücləndirilməsi

6.2.1.

Dövlət Proqramına uyğun olaraq təhsil sahəsində normativ hüquqi aktların təkmilləşdirilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi

2019–2023

6.2.2.

ödəniş formaları və mənbələri nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydalarının hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Dövlət Neft Fondu

2019

6.2.3.

Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil alacaq şəxslərin təhsilinin işəgötürənlərin iştirakı ilə müştərək maliyyələşdirmə mexanizmlərinin hazırlanması

Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 

2019

6.2.4.

Dövlət Proqramının maliyyələşdirilməsi üçün ayrılan maliyyə vəsaitlərinin istifadəsinin monitorinqi

Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası

ildə iki dəfə

6.2.5.

Azərbaycanın inkişaf strategiyası nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinin müəyyən edilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası və aidiyyəti dövlət qurumları

 

2019–2023

6.2.6.

Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsil almaları üçün prioritet ixtisasların və xarici ölkələrin müvafiq ali təhsil müəssisələrinin müəyyənləşdirilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Neft Fondu

mütəmadi

6.2.7.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə xarici tərəfdaş qurum və ya xarici ali təhsil müəssisəsi və yerli ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqavilələrinin imzalanması

Təhsil Nazirliyi, Dövlət Neft Fondu, Xarici İşlər Nazirliyi

mütəmadi

6.2.8.

doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçimi meyarları və prosedurlarının müəyyən edilməsi

Nazirlər Kabineti, Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının

Dövlət İmtahan Mərkəzi

2019

6.2.9.

təhsil dövründə doktorantların akademik göstəricilərinin monitorinqi mexanizminin təkmilləşdirilməsi

Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikasının müvafiq ali təhsil müəssisələri

mütəmadi

6.2.10.

Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə məzunların müsabiqə yolu ilə işə qəbulunun tənzimlənməsi üçün normativ hüquqi aktların hazırlanması

Nazirlər Kabineti, Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Respublikasının

Dövlət İmtahan Mərkəzi

2019

6.2.11.

Dövlət Proqramı çərçivəsində təhsil alan şəxslərlə bağlı mövcud elektron bazaların təkmilləşdirilməsi və onlardan istifadə imkanlarının (elektron arayışlar, elektron sənəd dövriyyəsi və s.) genişləndirilməsi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

mütəmadi

6.2.12.

Dövlət Proqramının icrası məqsədilə Təhsil Nazirliyinin nəzdində Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitləri hesabına “Dövlət Proqramının idarəetmə qrupu”nun yaradılması

Nazirlər Kabineti, Dövlət Neft Fondu, Təhsil Nazirliyi

2019

6.2.13.

Dövlət Proqramının icrası ilə bağlı ictimaiyyətin məlumatlandırılması

Təhsil Nazirliyi, Dövlət Neft Fondu

mütəmadi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin