Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində 25 dekabr 2019-cu il tarixli 20 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2019-cu il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərində Lerik rayonu Bürsülüm kənd sakinləri Əliyev Təyyar Tərlan oğlu və digərləri 2019-cu il dekabrın 25-də teleqramla Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək 78 saylı Lerik seçki dairəsi üzrə Bürsülüm bələdiyyəsinə keçirilmiş seçkilərdə həmin seçki dairəsinin 75, 76 və 77 saylı seçki məntəqələrində səsvermə günü seçki saxtakarlığa yol verdiyini iddia etmiş, həmin seçki məntəqələri üzrə nəticələrin ləğv edilməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1, 2, 4, 6, 7 və 8-ci bəndlərinə əsasən qərara alır:

1. 2019-cu il dekabrın 23-də keçirimiş bələdiyyə seçkilərində Lerik rayonu Bürsülüm kənd sakini Əliyev Təyyar Tərlan oğlu və digərlərinin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 25 dekabr 2019-cu il tarixli 20 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün 78 saylı Lerik seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin