İQTİSADİYYAT
2019-cu ilədək Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri üzrə üç kadastr tərtib ediləcək
Bakı, 22 dekabr, AZƏRTAC
2015/2018-ci illərdə Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələri (ABOEM) üzrə üç kadastr tərtib ediləcək. Ölkənin günəş enerjisi kadastrının tərtibi 2015/2016-cı illəri, geotermal və biokütlə enerjisi kadastrlarının hazırlanması isə 2017/2018-ci illəri əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) 2015-2018-ci illəri əhatə edən Strateji Planında öz əksini tapıb. Planda bildirilir ki, alternativ və bərpa olunan enerji mənbələri üzrə kadastr - ABOEM-in istifadəsi üzrə ölkə ərazisində müəyyən edilmiş əraziləri, faktiki quraşdırılmış qurğuların yerləşdiyi əraziləri, sahə üzrə istehsalçıların uçotu və il ərzində hər bir mənbə üzrə elektrik və istilik enerjisinin həcmi, qurğuların sayı, gücü və enerji istehsalı barədə məlumatları, texniki-iqtisadi, statistik və ölçü-müşahidə stansiyalarının göstəricilərini və digər məlumatları özündə əks etdirir. Kadastrda verilən məlumatlar ABOEM-dən istifadə üçün quraşdırılacaq qurğu və avadanlıqların texniki-iqtisadi parametrlərini hesablamağa imkan verəcək.
Alternativ və bərpa olunan enerji mənbələri üzrə dövlət kadastrının aparılmasının məqsədi investisiyaların cəlb edilməsi, obyektlərin layihələndirilməsi, effektiv istifadənin təmin olunması, sahənin enerji potensialının qiymətləndirilməsi, mənbələr üzrə xəritələrin işlənilməsi, ABOEM-in iqtisadi rayonlar üzrə yerləşməsi, enerji potensialının müəyyən olunması, təhlillərin aparılması, energetika obyektlərinin və qurğuların yerləşmə əraziləri barədə məlumatların işlənməsini təmin etməkdir.