İQTİSADİYYAT


2019-cu ilin ilk hərracına 147 dövlət əmlakı özəlləşməyə çıxarılıb

Bakı, 3 dekabr, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsinin təşkil etdiyi dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac yanvarın 8-də keçiriləcək. 2019-cu ilin ilk hərracına ümumilikdə 147 dövlət əmlakı çıxarılıb.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onlardan 87-si kiçik dövlət müəssisə və obyekti, 43-ü qeyri-yaşayış sahəsi, 17-si isə səhmdar cəmiyyətidir. Kiçik dövlət müəssisə və obyektlərinin ümumi faydalı sahəsi 4 kvadratmetr ilə 2634 kvadratmetr arasındadır. Bu kateqoriyadan olan dövlət əmlakları paytaxtla bərabər, Gəncə, Şəmkir, Ağdaş və digər regionlarda yerləşir.

Sumqayıt şəhəri, Bağlar massivi, dəniz kənarındakı restoranın ümumi faydalı sahəsi 442,5 kvadratmetrdir. Yerləşdiyi ərazi, fəaliyyət sahəsi baxımından gəlirli olan xidmət obyekti torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Yevlaxda mehmanxana, "Aztexsənaye" Kiçik Dövlət Müəssisəsi, Göygöldə sanatoriya, Şəmkirdə zavod filialı, Gəncədə istehsal sexi də yüksək ümumi faydalı sahəsi olan dövlət əmlaklarıdır.

Qeyd olunub ki, müxtəlif xidmət sahələri üzrə kiçik biznesə başlamaq istəyənlər qeyri-yaşayış sahələri üzrə seçim edə bilər. Hərraca çıxarılan bu növ dövlət əmlaklarının 30-u Bakıda, digərləri isə Daşkəsən, Sumqayıt, Gəncə və Tərtər kimi şəhər və rayonlarda yerləşir.

Ümumi faydalı sahəsi 12 kvadratmetr və 214 kvadratmetr intervalında olan obyektlərdən biri Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşir. Bu dövlət əmlakının ümumi faydalı sahəsi 67.9 kvadratmetr təşkil edir. İnvestor üçün gəlirli ola biləcək digər bir qeyri-yaşayış sahəsi Tərtər şəhəri, Nizami küçəsindədir. Obyektin ümumi faydalı sahəsi 68.5 kvadratmetrdir.

Dövlətə məxsus səhm paketlərinin hərraca çıxarıldığı səhmdar cəmiyyətləri kənd təsərrüfatı, nəqliyyat, təmir-tikinti və digər sahələrə aiddir. Ümumi səhmlərinin 30-45 faizlik səhm paketləri özəlləşdiriləcək dövlət əmlakları Lənkəran, Şirvan, Xaçmazla yanaşı, digər şəhər və rayonlarda yerləşir. Hərraca çıxarılan səhmlərin ilkin qiyməti 6 min 251 manat və 125 min 992 manat arasındadır.

Tam elektronlaşmış hərrac prosedurlarından istifadə edərək prosesə qoşulmaq istəyənlər komitənin informasiya resurslarına müraciət edə bilər. Belə ki, hər kəs komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalı (privatization.az) vasitəsilə hərraca çıxarılan dövlət əmlakları barədə ətraflı məlumat əldə edərək onlayn formada seçdiyi əmlakın sifarişçisi ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorları, sahibkarları, iş adamlarını və əmlak sahibi olmaq istəyən hər kəsi hərraclarda fəal iştiraka dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.