RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 18 fevral 2020-ci il tarixli 274 və 285 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənov Ülvi Fəxrəddin oğlu və Bayramov Şəhriyar Nəbi oğlu 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlərlə həmin seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 20/17 saylı qərarını mübahisələndirərək, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar verilməsini xahiş etmişlər.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər müraciətlərində səsvermə günü 9 saylı Binəqədi ikinci seçki dairəsinin seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini bildirmiş, adı seçici siyahısında olmayan şəxslərin səs verməsini, eyni şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, səsvermənin nəticələri haqqında protokolların verilməməsini, bir şəxsin bir neçə seçki məntəqəsində səs verdiyini iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini tələb etmişlər. Ərizəçilər tərəfindən müraciətlərə 13 protokol nüsxəsi, aktlar, fotoşəkillər və videogörüntülər əlavə olunmuşdur.

Namizədlərin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş protokol nüsxələrinin müqayisəli araşdırılması nəticəsində 20 saylı seçki məntəqəsinin səsvermənin nəticələrinə dair protokolunda bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən uyğunsuzluqlar müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Beləliklə, Həsənov Ülvi Fəxrəddin oğlu və Bayramov Şəhriyar Nəbi oğlunun müraciətləri qismən təmin edilməli, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 20/17 saylı qərarı 20 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilməli, qalan hissələrdə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizədlər Həsənov Ülvi Fəxrəddin oğlu və Bayramov Şəhriyar Nəbi oğlunun 18 fevral 2020-ci il tarixli 274 və 285 saylı müraciətləri qismən təmin olunsun, 20 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 20/17 saylı qərarı 20 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissələrdə isə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin