Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli 67 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 92 saylı Zərdab – Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Adəm Məhərrəm oğlu 2020-ci il fevralın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Seçki Məcəlləsinin tələbinə görə səsvermə günü seçki məntəqələrində iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.

Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın Təlimat”ın 4-cü hissəsinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 92 saylı Zərdab – Ucar seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Adəm Məhərrəm oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 fevral 2020-ci il tarixli 67 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin