RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 fevral 2020-ci il tarixli 192 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsi üzrə qeydə alınmış namizəd Qənbərov Əziz Həbib oğlu 2020-ci il il fevralın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 16/2 saylı qərarını mübahisələndirmiş, seçki dairəsinin əhatə etdiyi bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş qeydə alınmış namizəd Ə.H.Qənbərov müraciətində səsvermə günü 123 saylı Kəlbəcər seçki dairəsinin əksər seçki məntəqələrində səsvermənin nəticələri haqqında protokolların tərtib edilməsi zamanı qanun pozuntularına yol verilməsini, adları seçici siyahılarında olmayan seçicilərin səs verməsini, bir şəxsin bir neçə dəfə səs verməsinə şərait yaradılmasını, seçki bülletenlərinin topa şəkildə seçki qutularına atılmasını iddia edərək dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 16/2 saylı qərarının və səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri (5, 9, 11, 14, 21, 27, 28, 29, 32, 33, 39, 41, 42, 43, 44, 51, 54 və 63 saylı) üzrə səsvermənin nəticələrinə dair elektron məlumat daşıyıcısı və bir sıra aktların kserosurətini əlavə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd Ə.H.Qənbərov 123 saylı Kəlbəcər seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, şikayətlər komissiya tərəfindən araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Həmçinin, dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

123 saylı Kəlbəcər seçki dairəsinin dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, yuxarıda qeyd edilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkar edilmədiyindən qeydə alınmış namizəd Ə.H.Qənbərovun müraciəti əsassız hesab edilərək təmin edilməməlidir.

Hazırki araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə və seçicilərin iradəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış nəticəsində yalnız 16 saylı seçki məntəqəsinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatlarda uyğunsuzluqlar aşkarlanmışdır. Müqayisəli araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 16 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqəsinin sayı 1, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 65-dir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaları təmsil edən və digər müşahidəçilərdən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, qeydə alınmış namizəd Ə.H.Qənbərovun müraciətdə mübahisələndirdiyi qanun pozuntuları öz təsdiqini tapmamış və dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.

Göstərilənlərə əsasən müraciətin qismən təmin olunması, seçki dairəsinin 16 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və 123 saylı Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 16/2 saylı qərarının dəyişdirilmədən saxlanılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsi üzrə qeydə alınmış namizəd Qənbərov Əziz Həbib oğlunun müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 16 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 123 saylı Kəlbəcər seçki dairəsi dairə seçki komissiyasının 14 fevral 2020-ci il tarixli 16/2 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin