Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 253 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 11 saylı Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Samir Adil oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyini mübahisələndirmiş, 11 saylı Qaradağ seçki dairəsini əhatə edən seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

S.A.Məmmədov müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası onun müraciətinə baxmamış və ona bu barədə cavab verilməmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Dairə seçki komissiyasının təqdim etdiyi materiallardan müəyyən edilmişdir ki, S.A.Məmmədovun eyni mübahisə predmetinə dair şikayətinə komissiya tərəfindən 13 fevral 2020-ci il tarixli 20/55 saylı qərarla baxılmış, 14 fevral 2020-ci il tarixdə poçt vasitəsi ilə qərarın surəti ona göndərilmişdir. Bununla da dairə seçki komissiyasının hərəkətsizliyi ilə bağlı mübahisə aradan qalxmış və şikayətə mahiyyəti üzrə baxılması üçün hüquqi əsaslar müəyyən edilmişdir.

S.A.Məmmədovun müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər seçki materiallarını əhatə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd S.A.Məmmədov 11 saylı Qaradağ seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

11 saylı Qaradağ seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən olunmadığından qeydə alınmış namizəd S.A.Məmmədovun müraciəti əsassız hesab edilərək təmin olunmamalıdır.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü bir seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarlardan müəyyən edilmişdir ki, bir seçki məntəqəsi istisna olmaqla, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə 30 saylı seçki məntəqəsində seçki bülletenlərinin sayılması zamanı seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkarlanmışdır. Bu hal həmin seçki məntəqəsi üzrə səsvermənin nəticəsinin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

Digər seçki məntəqələri üzrə namizəd tərəfindən təqdim edilmiş elektron məlumat daşıyıcısında olan görüntülərin araşdırılması ilə seçkilərin nəticəsinə təsir edən və seçicilərin iradəsini ifadə etməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 11 saylı Qaradağ seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Samir Adil oğlunun müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 30 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 13 fevral 2020-ci il tarixli 20/55 saylı qərarı 30 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin