Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 254 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İbrahimov Ağasif Şakir oğlu 2020-ci il fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 22/2 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd A.Ş.İbrahimov müraciətində iddia etmişdir ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsinin 2, 6, 8, 17, 19, 20, 21, 24, 29, 32, 33, 37 və 39 saylı seçki məntəqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış, 2 ədəd səsvermə bülleteninin yuxarı sol küncləri əvvəlcədən kəsilmiş, səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən bu say süni şəkildə artırılmış, seçici siyahısında bir seçici digərinin əvəzinə imza atmış, səsvermənin nəticələri haqqında protokol seçki məntəqəsində tərtib edilməmiş və protokolun surətinin bir nüsxəsi ona verilməmiş və digər qanun pozuntularına yol verilmişdir. Ərizəçi tərəfindən müraciətə DVD disk əlavə olunmuşdur.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd A.Ş.İbrahimov 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində şikayətçi ilə əlaqə saxlanılmış, ona hər hansı sənəd və materiallar təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, lakin o, Komissiyanın iclasında iştirak etməmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

8 saylı Binəqədi birinci seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları müəyyən olunmadığından qeydə alınmış namizəd A.Ş.İbrahimovun müraciəti əsassız olduğundan təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin 2, 6, 8, 17, 19, 20, 21, 29, 32, 33, 37 və 39 saylı seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Belə ki, seçki dairəsinin 24 saylı seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində səsvermə günü baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış və bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səslərin sayılmasını müşahidə etmiş müxtəlif maraqları təmsil edən müşahidəçilər T.N.Məmmədov, V.D.Salahov, N.Qasımova, S.M.Hacıyev, S.Əliyeva, T.M.Salbalıyev, A.Məmmədov, S.İ.Aşibova, X.O.Əliquliyeva, C.Ş.Süleymanova, S.C.Əhmədova, M.S.Səttərzadə, A.Ə.Abasova, K.A.Muradova, Ş.G.Zeynalova, Ü.Q.Xaləddin, M.S.Hüseynov, Ş.H.Validov, N.Z.Hacıyev, İ.Q.Yusifova, F.İ.Novruzova, Ə.S.Həmzəyeva, Ş.H.İsrafilova, L.Q.Azadova, A.Ə.Allahverdiyeva, F.S.Lətifova, R.İ.Mehdiyeva, A.İ.Hüseynov, F.İ.Novruzova, G.İ.Səfərova, G.N.Həmidova, S.M.Ağayeva, S.M.Nəzərova, V.Ə.Məcidova, K.V.Məlikova, G.A.Qasımova, X.C.Cəlilov, S.A.Məmmədova, S.S.Firudinbəyova, Q.X.Yusubova, F.C.Vəliyeva, M.A.Ələsgərov, M.M.Məmmədov, A.S.Hüseynov, R.V.Paşayeva, R.B.Atakişiyev, D.Əmirhüseynova, R.S.Mustafayeva, G.Ə.Eyvazova, R.M.Sədrəddinova, T.Məmmədzadə, Ə.A.Həsənova, A.O.Abdullayeva, S.O.Eyyubova, S.Ə.Eldarova, S.K.Babayeva, Ş.C.Məmmədov, Q.X.Yusubova, Ə.Y.Zamanlı, İ.Ə.Əhmədova və Ü.V.Əhmədovanın, 8 saylı məntəqə seçki komissiyasının sədri V.Z.Xəlilova, katibləri Q.M.Mürsəlova, V.S.Fətullayeva, üzvləri S.R.Abbasova, P.T.Ağayeva və E.Q.Kərimovanın, 17 saylı məntəqə seçki komissiyasının sədri K.Ş.Həsənova, katibləri S.B.İbrahimova, A.H.Məmmədova, üzvləri Z.R.Abdullayeva, G.İ.Fərzəliyeva və L.N.Bayramovanın, 19 saylı məntəqə seçki komissiyasının sədri N.Əsədova, katibləri B.Orucov, E.Əliyeva, üzvləri S.Hacıyeva, M.Hüseynova və A.Şirəliyevanın, 20 saylı məntəqə seçki komissiyasının sədri Ş.Y.Şükürova, katibləri K.Y.Abbasova, G.A.Qurbanova, üzvləri E.U.Xudiyev və Ş.Ə.Abasovun, 21 saylı məntəqə seçki komissiyasının sədri M.H.İsmayılov, katibləri Ş.S.Bayramova, Q.A.Hüseynzadə, üzvləri V.Q.Verdixanov, G.Nəzərəliyeva və S.İsgəndərovanın, 32 saylı məntəqə seçki komissiyasının sədri Ş.Zeynalova, katibləri M.Həsənli, Ş.Əliyeva, üzvləri X.Nəcəfova, Y.Qasımova və A.Kamilovanın, 33 saylı məntəqə seçki komissiyasının sədri T.T.Musayev, katibləri M.X.Rüstəmxanlı, Z.D.Kazımova, üzvləri G.B.Təhməzova, S.H.Mahmudova və Ə.Z.Əliyevin, 37 saylı məntəqə seçki komissiyasının sədri T.B.Zülfiyev, katibləri S.Ə.Hətəmova, G.N.Həsənova, üzvləri S.İ.Vəliyev, S.Ç.Qafarova və E.Ə.Həbibovanın, T.A.Əhməd, Z.Y.Quliyev, A.Ə.Ələkbərova, V.R.Şəmiyeva, N.N.Əkbərova, N.F.Həsənova, A.M.Allahverdiyev, A.R.Bayramova, 39 saylı məntəqə seçki komissiyasının sədri S.Ə.Əhmədova, katibləri L.Y.Şükürova, N.V.Salayeva, üzvləri T.A.Əliyev, D.C.Mirzəyev, T.R.Abdullazadə, M.E.Bayramov, S.Z.Vəlizadə, M.M.Sarıxanlı, M.R.Rüstəmov və Y.Q.Mahmudovun, qeydə alınmış namizədlər C.B.Bayramov və R.X.İmanovun, vəkil edilmiş şəxslər S.H.Həsənov, A.R.Orucov, R.G.Məmmədova və S.M.Cəfərovanın verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunur.

Həmçinin, verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü bir çox seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələr vasitəsilə paylaşılan və şikayətçinin araşdırmaya təqdim etdyi videogörüntülər araşdırılarkən, həmçinin dairə seçki komissiyasından təqdim edilmiş seçici siyahısına baxış keçirilərkən müəyyən edilmişdir ki, 24 saylı seçki məntəqəsi üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmış, beləliklə də 8 saylı Binəqədi birinci seçki dairəsinin həmin seçki məntəqəsi üzrə göstərilən hal öz təsdiqini tapdığından şikayətin qismən təmin olunması üçün hüquqi əsaslar yaranmışdır.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı ləğv olunmalı və seçki dairəsinin 24 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İbrahimov Ağasif Şakir oğlunun müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 24 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 22/2 saylı qərarı 24 saylı seçki məntəqəsi üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin