Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 fevral 2020-ci il tarixli 255 saylı və 18 fevral 2020-ci il tarixli 271 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizədlər Azadoğlu Nazim Azad oğlu fevralın 17-də və Kərimov Faiq Alməmməd oğlu fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlə həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 31/161 saylı və 17 fevral 2020-ci il tarixli 32/164 saylı qərarlarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər N.A.Azadoğlu və F.A.Kərimov müraciətlərində bildirmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə üzrə əksər seçki məntəqələrində səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən lider namizədin xeyrinə səslər süni şəkildə artırılmış, onlara verilən səslər azaldılmış, müşahidəçilərə səsvermənin yekununa dair protokolun surəti verilməmiş və digər qanun pozuntularına yol verilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər N.A.Azadoğlu və F.A.Kərimov 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, F.A.Kərimovun Komissiyanın iclasında iştirakı təmin edilmiş, N.A.Azadoğlu isə dəvət olunmasına baxmayaraq Komissiyanın iclasında iştirak etməmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarları və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarlarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədlər N.A.Azadoğlu və F.A.Kərimovun müraciətləri əsassız olduğu üçün təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələrindən başqa digər məntəqələrdə baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Sosial şəbəkələr vasitəsilə paylaşılan və şikayətçilərin araşdırmaya təqdim etdikləri videogörüntülər araşdırılarkən müəyyən edilmişdir ki, 10, 32, 37, 38, 39, 40 və 55 saylı seçki məntəqələri üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmışdır.

Hazırki araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış zamanı 1, 10, 13, 36 və 59 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarındakı məlumatların şikayətçinin təqdim etdiyi protokol nüsxələri ilə müqayisədə fərqli olduğu aşkarlanmışdır. Müqayisəli araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab ediləməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 11, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 59-dur.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamışdır.

Beləliklə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsinin həmin məntəqələri üzrə göstərilən hallar öz təsdiqini tapdığından şikayətlərin qismən təmin olunması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizədlər Azadoğlu Nazim Azad oğlu və Kərimov Faiq Alməmməd oğlunun müraciətləri qismən təmin olunsun, həmin seçki dairəsinin 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 31/161 və 17 fevral 2020-ci il tarixli 32/164 saylı qərarları 1, 10, 13, 32, 36, 37, 38, 39, 40, 55 və 59 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin