Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 18 fevral 2020-ci il tarixli 270 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 81 saylı Beyləqan seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Anar Sədrəddin oğlu və digərləri 2020-ci il fevralın 18-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 16 fevral 2020-ci il tarixli 19/42 saylı qərarını mübahisələndirmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

A.S.Məmmədov və digərləri müraciətlərində səsvermə günü 81 saylı Beyləqan seçki dairəsinin 3, 6, 14, 18, 20, 26, 33, 35 saylı seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən video görüntülərin olduğunu iddia edərək, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

A.S.Məmmədov və digərləri müraciətlərində səsvermə günü 81 saylı Beyləqan seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, həmin seçki məntəqələrinin bəzilərində pozuntuları təsdiq edən video görüntülərin olduğunu iddia edərək, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma və Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

A.S.Məmmədov və digərlərinın müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nətəcilərinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər seçki materiallarını əhatə etmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq namizəd A.S.Məmmədov və digərləri dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən onun şikayəti araşdırılmış, dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 19/42 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma zamanı namizədin mübahisələndırdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının sədrləri, katibləri, üzvləri, qeydə alınmış digər namizəd, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.

Sosial şəbəkələrdə paylaşılan video görüntülərin araşdırılması zamanı seçki məntəqələrində seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilməmişdir.

Müvafiq məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları üzrə araşdırmaya zərurət yarandığından, səsvermə günü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən tərtib edilmiş, müşahidəçilərə verilmiş və şikayətə əlavə olunmuş 5 ədəd səsvermənin nəticəsinə dair protokol nüsxəsi ilə məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyasına təhvil verilmiş protokolların müqayisəli araşdırılması aparılarkən 31 saylı seçki məntəqəsinin məlumatlarında uyğunsuzluq müəyyən edilmişdir.

Məntəqə seçki komissiyalarından dairə seçki komissiyalarına verilmiş səsvermənin nəticələrinə dair yekun protokolların tədqiqi zamanı 1, 4, 6 saylı seçki məntəqələri üzrə protokolların qanunvericiliyin tələbinə uyğun tərtib olunmaması faktı aşkarlanmışdır.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, seçki dairəsinin 1, 4, 6, 31 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 81 saylı Beyləqan seçki dairəsi üzrə qeydə alınmış namizəd Məmmədov Anar Sədrəddin oğlu və digərlərinin 18 fevral 2020-ci il tarixli 270 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 1, 4, 6, 31 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 19/42 saylı qərarı 1, 4, 6, 31 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılslın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin