Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 289 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 14 saylı Xəzər seçki dairəsi üzrə qeydə alınmış namizəd Qafarov Abid Abdin oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 16/44 saylı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adıçəkilən qərarının ləğvini, seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

A.A.Qafarov müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası araşdırma apararkən onun təqdim etdiyi şikayət üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

Ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

A.A.Qafarovun müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər materialları əhatə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd A.A.Qafarov 14 saylı Xəzər seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, həmin dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd A.A.Qafarovun müraciəti əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlarlardan müəyyən edilmişdir ki, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Göstərilənlərə əsasən müraciət təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 14 saylı Xəzər seçki dairəsi üzrə qeydə alınmış namizəd Qafarov Abid Abdin oğlunun müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 16/44 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin