RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 19 fevral 2020-ci il tarixli 300 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Mirişov Sakit Fərhad oğlu 2020-ci il fevralın 19-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciətlə həmin seçki dairəsinin əksər seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 18/53 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd S.F.Mirişov müraciətində bildirmişdir ki, səsvermə günü 68 saylı Cəlilabad kənd seçki dairəsinin 34 seçki məntəqəsinin hamısında normal müşahidəyə icazə verilməmiş, bəzi vətəndaşlar tərəfindən başqasının əvəzinə səsvermədə iştirak edilmiş, lider namizədin xeyrinə səslər saxtalaşdırılmış, müşahidəçilərə səsvermənin nəticələrinə dair protokolun surəti təqdim olunmamış və digər qanun pozuntularına yol verilmişdir.

Namizədin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında səlahiyyətli nümayəndəsi ilə birlikdə iştirakı təmin edilmişdir.

Araşdırmanın nəticəsi olaraq sosial şəbəkələrdə yayılan görüntülər, təqdim edilən fotoşəkillər və video materiallar nəzərdən keçirilərkən səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tədqiq edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək hallar müşahidə edilməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilməmişdir.

Dairə seçki komissiyasına ünvanlanan müraciətdə iddia edilən pozuntular əsasən bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından, nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən və qeydə alınmış namizəd Nuriyeva Xuraman Şakir qızından izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsdiq edilmiş, müraciətdə göstərilənlər isə öz təsdiqini tapmadığından və əsassız olması müəyyən edildiyindən müraciətin təmin olunmaması barədə qərar çıxarılmışdır.

S.F.Mirişovun müraciətinin təmin edilməməsinə dair 68 saylı Cəlilabad kənd seçki dairəsi dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 18/53 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, düzgün hüquqi nəticəyə gəlinmiş və müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur.

Beləliklə, 68 saylı Cəlilabad kənd seçki dairəsinin dislokasiyasındakı bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd S.F.Mirişovun 19 fevral 2020-ci il tarixli 300 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 18/53 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə qeydə alınmış namizəd Mirişov Sakit Fərhad oğluun 19 fevral 2020-ci il tarixli 300 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Dairə seçki komissiyasının 16 fevral 2020-ci il tarixli 18/53 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin