RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 327 saylı və 21 fevral 2020-ci il tarixli 372 saylı müraciətlərə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Abiyev Elşən Mailxan oğlu və digərləri 2020-ci il fevralın 20-də və 21-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlayaraq həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/51 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 67 saylı Cəlilabad şəhər seçki dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər E.M.Abiyev və digərləri müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə üzrə əksər seçki məntəqələrində səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən lider namizədin xeyrinə səslər süni şəkildə artırılmış, onlara verilən səslər azaldılmış, müşahidəçilərə səsvermənin yekununa dair protokolun surəti təqdim olunmamış və digər qanun pozuntularına yol verilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər E.M.Abiyev və digərlərinin müraciətləri ilkin olaraq 67 saylı Cəlilabad şəhər seçki dairəsinin dairə seçki komissiyasında araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarı ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah olunmuş, E.M.Abiyev və digərlərinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

67 saylı Cəlilabad şəhər seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizəd E.M.Abiyev və digərlərinin müraciətləri əsassız olduğu üçün təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin 10 və 29 saylı seçki məntəqələrindən başqa digər məntəqələrdə baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Sosial şəbəkələr vasitəsilə paylaşılan və şikayətçilərin araşdırmaya təqdim etdikləri videogörüntülər araşdırılarkən müəyyən edilmişdir ki, 10 saylı seçki məntəqəsi üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmışdır.

Hazırki araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Baxış zamanı 29 saylı seçki məntəqəsinin səsvermənin nəticələrinə dair protokolundakı məlumatların şikayətçinin təqdim etdiyi protokol nüsxələri ilə müqayisədə fərqli olduğu aşkarlanmışdır. Müqayisəli araşdırma zamanı bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 10 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 2, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 37-dir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, 10 və 29 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamışdır.

Beləliklə, 67 saylı Cəlilabad şəhər seçki dairəsinin həmin məntəqələri üzrə göstərilən hallar öz təsdiqini tapdığından şikayətlərin qismən təmin olunması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Abiyev Elşən Mailxan oğlu və digərlərinin 20 fevral 2020-ci il tarixli 327 saylı və 21 fevral 2020-ci il tarixli 372 saylı müraciətləri qismən təmin olunsun, həmin seçki dairəsinin 10 və 29 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 15/51 saylı qərarı 10 və 29 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin