Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 20 fevral 2020-ci il tarixli 338 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Musa Habil oğlu 2020-ci il fevralın 20-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair həmin dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 22/65 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Ərizəçi müraciətində səsvermə günü 118 saylı Ağdam şəhər seçki dairəsinin seçki məntəqələrinin səsverməyə hazırlıqla bağlı işin düzgün təşkil edilmədiyini, müşahidəçilərin hüquqlarının pozulduğunu, müşahidəçilərə videoçəkiliş aparılmasına icazə verilmədiyini, seçicilərin səsvermədə iştirak fəallığının aşağı olduğunu, səslərin düzgün hesablanmadığını, yekun protokolların müşahidəçilərə verilmədiyini, 25 və 33 saylı seçki məntəqələrində səsvermədə iştirak etmiş seçicilərin sayı ilə namizədlərə verilən səslərin və etibarsız hesab edilən seçki bülletenlərinin cəmi arasında ziddiyət olduğunu iddia edərək, həmin pozuntularla bağlı dairə seçki komissiyasına təqdim edilmiş müraciətin və digər sənədlərin düzgün araşdırılmadığını bildirmiş, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 22/65 saylı qərarının və seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv olunmasını tələb etmişdir.

Ərizəçi müraciətinə 1 elektron məlumat diski (DVD-disk) və 4 ədəd səsvermənin nəticələrinə dair protokol nüsxəsi əlavə etmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, ona əlavə sənəd və ya material təqdim etmək, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Namizədin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

118 saylı Ağdam şəhər seçki dairəsinin dairə seçki komissiyası mübahisələndirilən qərarını onunla əsaslandırmışdır ki, namizəd M.H.Ağayevin müraciətində səsvermə günü seçki məntəqələrindəki qanun pozuntuları ilə bağlı iddiaları hərtərəfli araşdırılmış və nəticədə səsvermənin keçirilməsi və ya nəticələrin rəsmiləşdirilməsi zamanı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından müraciət əsassız hesab olunaraq təmin edilməməlidir.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 118 saylı Ağdam şəhər seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir görüntü müəyyən edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları dairə seçki komissiyasından tələb edilərək götürülmüş və onlara baxış keçirilmişdir. Səsvermə günü seçki qanunvericiliyinin tələbinə uyğun olaraq məntəqə seçki komissiyaları tərəfindən tərtib edilmiş və müşahidəçilərə verilmiş səsvermənin nəticəsinə dair protokolların nüsxələri ilə məntəqə seçki komissiyaları tərəfindən dairə seçki komissiyasına təhvil verilmiş protokolların müqayisəli araşdırılması aparılarkən 25 və 33 saylı seçki məntəqələrin məlumatlarında uyğunsuzluq müəyyən edilmişdir. Qeyd olunanlara əsasən həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 25 və 33 saylı seçki məntəqələri istisna olmaqla, seçki dairəsinin mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, 25 və 33 saylı seçki məntəqələri istisna olmaqla, müraciətdə qeyd olunan pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Beləliklə, M.H.Ağayevin müraciəti qismən təmin edilməli, 25 və 33 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 22/65 saylı qərarı 25 və 33 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilməli, qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 118 saylı Ağdam şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Ağayev Musa Habil oğlunun 20 fevral 2020-ci il tarixli 338 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 25 və 33 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Dairə seçki komissiyasının 18 fevral 2020-ci il tarixli 22/65 saylı qərarı 25 və 33 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə isə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin