Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 21 fevral 2020-ci il tarixli 362 və 382 saylı müraciətlərə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə müşahidəçi olmuş Həsənzadə Ləman Ədalət qızı 2020-ci il fevralın 21-də, həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Şirvanlı Afər Cəmaləddin oğlu 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/83 saylı və 19 fevral 2020-ci il tarixli 23/89 saylı qərarlarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciətlər eyni məzmunlu olduğundan və 21 saylı Nəsimi birinci seçki dairəsini əhatə etdiyindən bir icraatda birləşdirilmişdir.

Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Şikayətçilər L.Ə.Həsənzadə və A.C.Şirvanlı müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə səsvermə günü 21 saylı Nəsimi birinci seçki dairəsinin 1, 2, 6, 8, 11, 13 və 20 seçki məntəqələrində müşahidəçilərə müşahidənin aparılmasına şərait yaradılmamış, səslərin hesablanması zamanı qanun pozuntularına yol verilmişdir.

Eyni zamanda L.Ə.Həsənzadə 20 saylı seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyası tərəfindən bu sayın artırıldığını iddia etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar şikayətçilər 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayətlər araşdırılmış, həmin dairə seçki komissiyasının yuxarıda gostərilən müvafiq qərarları ilə müraciətlər əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində şikayətçilər ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onlar Komissiyanın iclasında iştirak etməmişlər.

Dairə seçki komissiyasından araşdırma materialları tələb edilərək digər sənədlərlə birlikdə araşdırılmışdır.

Araşdırma ilə seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş verməsi iddia olunan qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolu Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bir nüsxəsi məlumat lövhəsində asılmışdır. Bu hal ayrı-ayrı seçki məntəqələri üzrə səslərin sayılmasının müşahidəsini həyata keçirmiş müxtəlif maraqları təmsil edən müşahidəçilərin, qeydə alınmış namizədlərin, məşvərətci səs hüquqlu üzvlərin, səlahiyyətli nümayəndələrin, məntəqə seçki komissiyaları sədrlərinin və üzvlərinin verdikləri izahatlarla, həmçinin tərtib edilmiş aktlarla təsdiq olunmuşdur.

Daha sonra verilmiş izahatlar, aktlar və əlavə edilmiş digər sənədlərdən görünür ki, səsvermə günü seçki məntəqələrində müvafiq müşahidəçilər tərəfindən seçki qanunvericiliyinin tələblərinə əməl olunmaqla müşahidə aparılmış, Seçki Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilmiş müşahidənin aparılması prinsiplərinə əməl olunmuşdur.

Sosial şəbəkələrdə yayılan görüntülər və namizəd A.C.Şirvanlının təqdim etdiyi videogörüntülər nəzərdən keçirilərkən 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi ilə bağlı hallar müəyyən olunmamışdır.

Beləliklə, 21 saylı Nəsimi birinci seçki dairəsinin bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal müəyyən edilmədiyindən müşahidəçi L.Ə.Həsənzadənin 21 fevral 2020-ci il tarixli 362 saylı və namizəd A.C.Şirvanlının 22 fevral 2020-ci il tarixli 382 saylı müraciətləri əsassız hesab edilərək təmin edilməməli, həmin dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/83 saylı və 19 fevral 2020-ci il tarixli 23/89 saylı qərarları dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə müşahidəçi olmuş Həsənzadə Ləman Ədalət qızının 21 fevral 2020-ci il tarixli 362 saylı və qeydə alınmış namizəd Şirvanlı Afər Cəmaləddin oğlunun 22 fevral 2020-ci il tarixli 382 saylı müraciətləri əsassız olduğundan təmin edilməsin.

2. Dairə seçki komissiyasının 15 fevral 2020-ci il tarixli 22/83 saylı və 19 fevral 2020-ci il tarixli 23/89 saylı qərarları dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin