Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 2020-ci il tarixli 390 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə qeydə alınmış namizədlər Abbaszadə Nurlan Vahid oğlu, Cabbarov Mirhəsən Miri oğlu və İskəndərli Toğrul Sayad oğlu 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət ünvanlayaraq həmin seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü baş vermiş qanun pozuntularının araşdırılmasına dair dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 16/44 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizədlər N.V.Abbaszadə, M.M.Cabbarov və T.S.İskəndərli müraciətlərində iddia etmişlər ki, 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə dairə üzrə əksər seçki məntəqələrində səsvermədə iştirak edən seçicilərin sayının az olmasına baxmayaraq, məntəqə seçki komissiyaları tərəfindən səslər süni şəkildə artırılmış, onlara verilən səslər azaldılmış, müşahidəçilərə səsvermənin yekununa dair protokolun surəti təqdim olunmamış və digər qanun pozuntularına yol verilmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizədlər N.V.Abbaszadə, M.M.Cabbarov və T.S.İskəndərlinin müraciəti ilkin olaraq 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyasında araşdırılmış və müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqları izah olunmuş, N.V.Abbaszadə, M.M.Cabbarov və T.S.İskəndərlinin Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Qeyd edilməsi zəruridir ki, göstərilən seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər Zeynalova Sitarə Mehdi qızı və Səfərov Ramil Mürşüd oğlunun eyni məzmunlu müraciəti üzrə aparılmış araşdırmanın nəticəsi olaraq Mərkəzi Seçki Komissiyasının 20 fevral 2020-ci il tarixli 28/312 saylı qərarı ilə aşkar edilmiş pozuntularla əlaqədar həmin seçki dairəsinin 8 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması nəzərə alınmalıdır.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı və digər sənədlər araşdırma materiallarına əlavə edilmişdir.

40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma ilə seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından və səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədlər N.V.Abbaszadə, M.M.Cabbarov və T.S.İskəndərlinin müraciəti əsassız olduğu üçün təmin edilməməlidir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin 4 və 6 saylı seçki məntəqələrindən başqa digər məntəqələrdə baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün nəticəyə gəlmişdir.

Sosial şəbəkələr vasitəsilə paylaşılan və şikayətçilərin araşdırmaya təqdim etdikləri videogörüntülər, habelə digər materiallar araşdırılarkən müəyyən edilmişdir ki, 4 və 6 saylı seçki məntəqələri üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmışdır.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 4 və 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır. Nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən azını təşkil edir.

Belə ki, səsvermənin nəticələri etibarsız hesab edilməli olan seçki məntəqələrinin sayı 2, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 30-dur.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Araşdırma zamanı adıçəkilən məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, 4 və 6 saylı seçki məntəqələri istisna olmaqla, digər məntəqələrdə seçki qanunvericiliyinin tələblərinin pozulması halı təsdiqini tapmamışdır.

Beləliklə, 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsinin həmin məntəqələri üzrə göstərilən hallar öz təsdiqini tapdığından şikayətin qismən təmin olunması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 40 saylı Kəpəz ikinci (Gəncə) seçki dairəsi üzrə qeydə alınmış namizədlər Abbaszadə Nurlan Vahid oğlu, Cabbarov Mirhəsən Miri oğlu və İskəndərli Toğrul Sayad oğlunun 22 fevral 2020-ci il tarixli 390 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 4 və 6 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız sayılsın.

2. Dairə seçki komissiyasının 19 fevral 2020-ci il tarixli 16/44 saylı qərarı 4 və 6 saylı seçki məntəqələri üzrə hissədə ləğv edilsin, digər hissədə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin