Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 22 fevral 387 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əhədova Dilşad Meyxoş qızı 2020-ci il fevralın 22-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək təşviqat kampaniyası zamanı dairə seçki komissiyası tərəfindən yol verilmiş bir sıra qanun pozuntuları ilə üzləşdiyini və səsvermə günü həmin seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verməsini bildirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir. 

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd D.M.Əhədovanın müraciətinin səsvermə gününədək iddia edilən qanun pozuntuları hissəsi ilə bağlı qeyd edilməlidir ki, həmin pozuntular Seçki Məcəlləsi ilə müəyyən edilmiş şikayətvermə müddəti ötürülməklə mübahisələndirildiyindən onlar üzrə araşdırma aparılması istisna olunur.

Müraciətin araşdırılması ilə əlaqədar səsvermə günü və sonrakı günlərdə sosial şəbəkələrdə seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə baxış keçirilmiş, 64 saylı Sabirabad ikinci seçki dairəsinin seçki məntəqələri üzrə hər hansı bir görüntü müəyyən edilməmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları dairə seçki komissiyasından tələb edilərək götürülmüş, onlara baxış keçirilmiş və 1 saylı seçki məntəqəsi məntəqə seçki komissiyasının yekun protokolunda seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkar edilmişdir. Qeyd olunanlara əsasən həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Eyni zamanda araşdırma ilə müəyyən edilmişdir ki, səsvermə günü 1 saylı seçki məntəqəsi istisna olmaqla, seçki dairəsinin digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuşdur.

Araşdırma zamanı məntəqə seçki komissiyalarının üzvlərindən, müxtəlif siyasi partiyaların müşahidəçiləri də daxil olmaqla digər seçki subyektlərindən müvafiq izahatlar alınaraq nəzərdən keçirilmişdir. Müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən bir seçki məntəqəsi istisna olmaqla, digər seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulması halları öz təsdiqini tapmamışdır.

Beləliklə, qeydə alınmış namizəd D.M.Əhədovanın müraciəti qismən təmin edilməli, 1 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 64 saylı Sabirabad ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əhədova Dilşad Meyxoş qızının müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 1 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr          Məzahir Pənahov

Katib         Arifə Muxtarova

Katib         Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin