Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 24 fevral 2020-ci il tarixli 397 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 76 saylı Lənkəran – Astara seçki dairəsi üzrə qeydə alınmış namizəd Bağırov Xalid Zakir oğlu 2020-ci il fevralın 24-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 16/48 saylı qərarını mübahisələndirmiş, dairə seçki komissiyasının adıçəkilən qərarının ləğvini, seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Şikayətçi müraciətində iddia etmişdir ki, dairə seçki komissiyası araşdırma apararkən onun təqdim etdiyi şikayət üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir.

Ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Namizədin müraciətinin araşdırılması səsvermə günü seçki dairəsinin seçki məntəqələri üzrə sosial şəbəkələrdə yerləşdirilmiş görüntüləri, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair dairə seçki komissiyalarına təqdim etdikləri yekun protokolları və namizəd tərəfindən təqdim olunmuş digər materialları əhatə etmişdir.

Yuxarıda qeyd olunanlarla əlaqədar namizəd 76 saylı Lənkəran – Astara seçki dairəsinin dairə seçki komissiyasına müraciət etmiş, komissiya tərəfindən şikayət araşdırılmış, dairə seçki komissiyasının müvafiq qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır.

76 saylı Lənkəran – Astara seçki dairəsinin dairə seçki komissiyası qeyd edilən qərarını onunla əsaslandırmışdır ki, araşdırma nəticəsində seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları təsdiqini tapmadığından, səsvermənin keçirilməsi və ya nəticələrinin hesablanması zamanı həmin seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları aşkarlanmadığından qeydə alınmış namizədin müraciəti əsassız hesab olunaraq təmin edilməmişdir.

Araşdırma zamanı müəyyən edilmişdir ki, səsvermə günü seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilər sərbəst şəkildə səs verərək öz iradələrini ifadə etmiş, məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokolları Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq tərtib olunmuş və bu baxımdan dairə seçki komissiyası düzgün hüquqi nəticəyə gəlmişdir.

Səsvermə günü seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntularının araşdırılması məqsədi ilə müşahidə aparmış müxtəlif seçki subyektlərindən alınmış izahatlardan müəyyən edilmişdir ki, həmin pozuntuları təsdiq edən hər hansı bir fakt aşkarlanmamışdır.

Göstərilənlərə əsasən müraciət təmin edilməməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, maddələrinə və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərdə 76 saylı Lənkəran – Astara seçki dairəsi üzrə qeydə alınmış namizəd Bağırov Xalid Zakir oğlunun müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 21 fevral 2020-ci il tarixli 16/48 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin