Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ümumi yekunların müəyyən olunması ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair protokolunun tərtib olunması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə seçki dairələri üzrə seçkilərin yekunlarına dair dairə seçki komissiyalarının protokolları qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada tərtib edilərək, ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) təqdim edilmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 171.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin sənədlər müəyyən olunmuş müddət ərzində yoxlanılmışdır.

Aparılmış yoxlamalar nəticəsində 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran – Siyəzən seçki dairəsinin 12, 19, 45, 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13, 20 saylı, 101 saylı Göygöl – Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32, 42 saylı və 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyənləşdirmək qeyri-mümkün olduğundan həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, seçkilərin hazırlanması, keçirilməsi və səsvermənin nəticələrinin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ümumilikdə 87 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılmalıdır. Digər seçki dairələri üzrə səsvermənin yekunları isə düzgün müəyyən olunaraq qanunauyğun rəsmiləşdirildiyindən, bu hal nəzərə alınmaqla seçkilərin ümumi yekunlarının müəyyən olunması üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə olunmuş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilməlidir.

Ona görə də Seçki Məcəlləsinin 108.2-ci maddəsinə əsasən seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 23.2-ci, 28.2-ci, 28.4-cü, 108.2-ci və 171.2-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair aparılmış yoxlamalar nəticəsində 11 saylı Qaradağ seçki dairəsinin 5 saylı, 54 saylı Şabran – Siyəzən seçki dairəsinin 12, 19, 45, 61 saylı, 91 saylı Ucar seçki dairəsinin 8, 13, 20 saylı, 101 saylı Göygöl – Daşkəsən seçki dairəsinin 3, 6, 24, 32, 42 saylı və 124 saylı Şuşa – Ağdam – Xocalı – Xocavənd seçki dairəsinin 66 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək qeyri-mümkün olduğundan həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə ümumilikdə 87 seçki məntəqəsinin məntəqə seçki komissiyaları buraxılsın (Əlavə 1).

2. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin ümumi yekunlarının müəyyən olunması üçün dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab olunsun.

3. Seçki dairələri üzrə seçkilərin yekunlarına və seçki məntəqələri üzrə səsvermənin nəticələrinə təsir edən müvafiq qərarlar nəzərə alınmaqla 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin ümumi yekunları haqqında Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilsin.

4. Bu Qərar dərc olunduğu gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin