Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyin qeydə alınması üçün imza vərəqələri və onlara əlavə edilmiş digər seçki sənədləri müvafiq dairə seçki komissiyalarına təqdim edilməli, qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə araşdırma aparıldıqdan sonra seçki komissiyalarının nəzdində fəaliyyət göstərən işçi qrupunun rəyi də nəzərə alınmaqla namizədliyin qeydə alınıb-alınmaması məsələsi həll olunmalıdır.

Namizədliyin qeydə alınması məsələsinə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasında (Mərkəzi Seçki Komissiyası) yenidən baxılması zərurəti yarandığı halda müvafiq sənəd və məlumatların yenidən yoxlanılması məqsədilə Mərkəzi Seçki Komissiyasının nəzdində də xüsusi biliklərə malik mütəxəssislərdən ibarət tərkibdə işçi qrupunun yaradılması zəruridir.

İmza vərəqələrində və onlara əlavə edilmiş digər seçki sənədlərində olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası tərəfindən Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Maliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Vergilər Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin, Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə müvafiq işçi qrupu yaradılmalı və Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən biri qrupa rəhbər təyin edilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələrində və onlara əlavə edilmiş sənədlərdə olan məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin və Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertərdən ibarət işçi qrupu yaradılsın.

2. Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev işçi qrupunun rəhbəri təyin edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin