Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 yanvar 2020-ci il tarixli 17 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlu 14 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair 35 saylı Xətai üçüncü seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa olunaraq namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Namizəd R.Ş.Abbasov müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə dairə seçki komissiyası müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyini qeydə almamışdır.

Namizəd R.Ş.Abbasovun müraciəti ilə əlaqədar dairə seçki komissiyasından tələb edilərək alınan müvafiq sənədlər araşdırılmışdır. Müəyyən edilmişdir ki, namizədliyin qeydə alınmasından imtina edilməsi barədə dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarında imtinanın əsası göstərilməsə də, həmin qərarın qəbul edilməsi üçün əsas olmuş İşçi qrupunun 9 yanvar 2020-ci il tarixli Rəyindən görünür ki, namizəd tərəfindən təqdim edilmiş 10 imza vərəqəsindəki 500 imzadan 64-ü etibarsız hesab edilmiş, nəticədə onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən İşçi qrupu tərəfindən namizədliyin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 15 yanvar 2020-ci il tarixli protokol və rəylərdən görünür ki, namizəd R.Ş.Abbasovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır.

Belə ki, namizəd tərəfindən toplanılmış 500 seçici imzasından 459-u etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir. Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisindən seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, aparılan araşdırmanın nəticələrinə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, dairə seçki komissiyasının R.Ş.Abbasovun namizəd kimi qeydə alınmasından imtinaya dair 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas gətirərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlunun 14 yanvar 2020-ci il tarixli 17 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarı ləğv edilsin.

2. 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin