RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 yanvar 2020-ci il tarixli 21 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Rzağa İsmayıl oğlu 2020-ci il yanvarın 15-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 14 yanvar 2020-ci il tarixli 9/5 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd R.İ.Məmmədov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı təqdim etmədiyinə görə dairə seçki komissiyasının müvafiq qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş R.İ.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını mülkiyyət hüququ əsasında namizədə məxsus daşınmaz əmlakının göstərilməməsi ilə əsaslandırmışdır.

Araşdırma ilə əlaqədar namizəd R.İ.Məmmədov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 16 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışdan müəyyən edilir ki, namizəd R.İ.Məmmədovun əmlakı barədə təqdim etdiyi məlumatda göstərilməyən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması aşkar olunmuşdur.

Namizəd R.İ.Məmmədovun daşınmaz əmlakı barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina üçün hüquqi əsas yaratmışdır

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, R.İ.Məmmədovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 9/5 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Rzağa İsmayıl oğlunun 15 yanvar 2020-ci il tarixli 21 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 9/5 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin