Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 16 yanvar 2020-ci il tarixli 22 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə namizədliyi Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülmüş İmamov Pünhan Şahin oğlu 2020-ci il yanvarın 16-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 07/16 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd P.Ş.İmamov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 07/16 saylı qərarı ilə əmlak barədə məlumatlarının düzgün göstərilməməsi səbəbindən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş P.Ş.İmamovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını əmlak barəsində məlumatda mülkiyyət hüququ əsasında namizədə məxsus paylı mülkiyyətdə olan daşınmaz əmlakını göstərilməməsi ilə əsaslandırmışdır.

Araşdırma ilə əlaqədar namizəd P.Ş.İmamov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 16 yanvar 2020-ci il tarixli rəyində göstərilir ki, namizəd P.Ş.İmamovun əmlakı barədə təqdim etdiyi məlumatda göstərilməyən, lakin paylı mülkiyyət hüququ əsasında ona məxsus dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri aşkar olunmuşdur.

Beləliklə, P.Ş.İmamovun ona məxsus daşınmaz əmlaklar barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, P.Ş.İmamovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 07/16 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə namizədliyi 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə Vətəndaş Həmrəyliyi Partiyası tərəfindən irəli sürülmüş İmamov Pünhan Şahin oğlunun 16 yanvar 2020-ci il tarixli 22 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 14 yanvar 2020-ci il tarixli 07/16 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin