RƏSMİ SƏNƏDLƏR


2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 17 yanvar 2020-ci il tarixli 24 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlu 2020-ci il yanvarın 17-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair 21 saylı Nəsimi birinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 16 yanvar 2020-ci il tarixli 7/25 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd R.C.Həsənov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin əmlak barədə məlumatda avtonəqliyyat vasitəsinə dair məlumat təqdim etmədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası əmlakı barədə məlumatın namizəd tərəfindən düzgün təqdim edilməməsini əsas gətirərək 16 yanvar 2020-ci il tarixli 7/25 saylı qərarı ilə R.C.Həsənovun namizəd kimi qeydə alınmasından imtina etmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, onun araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı, seçki sənədləri və digər materiallar araşdırılarkən müəyyən edilmişdir ki, R.C.Həsənov namizədliyinin qeydə alınması üçün imza vərəqələri və digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, komissiya həmin sənədləri araşdırmış, namizədin əmlakı barədə məlumatlara dair aparılmış araşdırma üzrə düzgün hüquqi nəticəyə gəlməmiş və namizədin qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Belə ki, müvafiq dövlət orqanından alınmış arayışa əsasən namizəd R.C.Həsənovun adına nəqliyyat vasitəsi qeydə alınmamışdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Belə ki, göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, namizədliyin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 7/25 saylı qərarı ləğv edilməli, R.C.Həsənovun həmin seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun 17 yanvar 2020-ci il tarixli 24 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 7/25 saylı qərarı ləğv edilsin.

2. 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun Milli Məclisə seçkilərdə deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin