Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 27 yanvar 2020-ci il tarixli 37 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd Dibirov Mustafa Dibir oğlu və digərləri 27 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək Xəzər Televiziyasında (Xəzər TV) həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Məhəməliyev Nəsib Məhəmməd oğlunun xeyrinə seçkiqabağı qanunsuz təşviqat aparıldığını iddia etmiş, onun namizədliyinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Ərizəçilər müraciətdə iddia etmişlər ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd N.M.Məhəməliyev barədə Xəzər TV-nin 23 yanvar 2020-ci il tarixdə efirə getmiş “Səni axtarıram” verilişində aparıcı Xoşqədəm Hidayət qızı tərəfindən namizədin xeyriyyəçilik fəaliyyəti ilə məşqul olmasını əks etdirən fikir səsləndirilmiş, M.N.Məhəməliyevin xəstə olan bir şəxsin müəlicəsi üçün 1500 manat pul verməsi elan edilmişdir.

Araşdırma prosesində ərizəçilərlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Xəzər TV-nin 23 yanvar 2020-ci il tarixdə efirə getmiş “Səni axtarıram” verilişində 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd M.N.Məhəməliyevin və ya onun maraqlarını təmsil edən hər hansı bir şəxsin iştirak etməsi ilə bağlı “Xəzər TV” MMC-dən sorğuya cavab olaraq təqdim olunmuş 29 yanvar 2020-ci il tarixli məktubda göstərilir ki, Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişinin 23 yanvar 2020-ci il buraxılışında deputatlığa namizəd M.N.Məhəməliyev və ya onun maraqlarını təmsil edən hər hansı bir şəxs iştirak etməmişdir.

Qeydə alınmış namizəd M.N.Məhəməliyev tərəfindən verilmiş məlumatda göstərilir ki, 2019-cu ilin oktyabr ayında “Səni axtarıram” verilişində Yeganə Babayeva adlı şəxsin xəstə uşağının müalicəsinə kömək üçün verilmiş elan əsasında onun ailə üzvləri tərəfindən həmin şəxsə müvafiq maddi yardım göstərilmişdir. Həmin yardımın beş aydan sonra hazırkı təşviqat dövründə qeyd edilən verilişdə səsləndirilməsi seçicinin ələ alınması kimi qiymətləndirilə bilməz.

Araşdirma ilə qeydə alınmış namizəd M.N.Məhəməliyevin ailə üzvlərinin köməklik göstərdikləri Yeganə Babayevanın 109 saylı Balakən seçki dairəsinin seçicilər siyahısında olması müəyyən edilməmişdir.

Beləliklə, qeydə alınmış namizəd M.N.Məhəməliyev tərəfindən Seçki Məcəlləsinin 88.4.1-ci maddəsinin tələbinin pozulmasına yol verilməsi halı təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 109 saylı Balakən seçki dairəsi üzrə qeydə alınmış namizəd Dibirov Mustafa Dibir oğlu və digərlərinin 27 yanvar 2020-ci il tarixli 37 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin