Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 2 yanvar 2020-ci il tarixli 03 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Musayev Ceyhun Musa oğlu 2 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 31 dekabr 2019-cu il tarixli 35/464 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd C.M.Musayev müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatı düzgün təqdim etmədiyinə görə dairə seçki komissiyasının müvafiq qərarı ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatın namizəd tərəfindən düzgün təqdim edilməməsini əsas gətirərək 31 dekabr 2019-cu il tarixli 35/464 saylı qərarı ilə C.M.Musayevin namizəd kimi qeydə alınmasından imtina etmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, onun araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyasının mübahisələndirilən qərarı, seçki sənədləri və digər materiallar araşdırılarkən müəyyən edilmişdir ki, C.M.Musayev namizədliyinin qeydə alınması üçün 25 dekabr 2019-cu il tarixdə imza vərəqələri və digər seçki sənədlərini dairə seçki komissiyasına təqdim etmiş, komissiya həmin sənədləri araşdırmış, namizədin gəlirlərinin miqdarı və mənbələri barədə aparılmış araşdırma üzrə düzgün hüquqi nəticəyə gəlməmiş və namizədin qeydə alınmasından əsassız olaraq imtina etmişdir.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Belə ki, göstərilənlərə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, namizədliyin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 dekabr 2019-cu il tarixli 35/464 saylı qərarı ləğv edilməli, C.M.Musayevin həmin seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Musayev Ceyhun Musa oğlunun 2 yanvar 2020-ci il tarixli 03 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, dairə seçki komissiyasının 31 dekabr 2019-cu il tarixli 35/464 saylı qərarı ləğv edilsin.

2. 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Musayev Ceyhun Musa oğlunun Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin