Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 30 yanvar 2020-ci il tarixli 46 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi (səlahiyyətli nümayəndə) Abdullayeva Sevinc Qurban qızı 30 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Qafarov Kəmaləddin Nəsrəddin oğlunun seçkiqabağı təşviqat prosesinə qeyri-qanuni müdaxilə edilməsinə dair həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Həsənov Ülvi Fəxrəddin oğlu və onun səlahiyyətli nümayəndəsi Hüseynov Mehman Rafiq oğlunun hərəkətlərini mübahisələndirmiş, müvafiq tədbir görülməsini xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Səlahiyyətli nümayəndə Q.S.Abdullayeva müraciətində qeyd etmişdir ki, 9 saylı Binəqədi ikinci seçki dairəsində deputatlığa qeydə alınmış namizəd Ü.F.Həsənov və onun səlahiyyətli nümayəndəsi M.R.Hüseynov digər qeydə alınmış namizəd K.N.Qafarovun seçkiqabağı təşviqatının ilk günündən ona qarşı qanundan kənar təbliğat kampaniyasına başlamış, öz pozucu hərəkətləri ilə namizədə qarşı kampaniya aparmış və müxtəlif sosial şəbəkələrdə həqiqətə uyğun olmayan böhtan, şər xarakterli məlumatlar yaymış, seçicilərlə keçirilən qapalı və məhəlli görüşlərdə öyrədilmiş şəxslərlə birlikdə görüşün normal kecirilməsinə maneə törətmişlər. O, həmçinin bildirmişdir ki, Ü.F.Həsənov və onun sələhiyyətli nümayəndəsi M.R.Hüseynov K.N.Qafarovun seçkiqabağı təşviqat prosesinə ciddi maneə törədir və namizədin Seçki Məcəlləsi ilə müəyyən olunmuş hüquqlarının pozulmasına yönələn hərəkətlər edirlər.

Araşdırma zamanı ərizəçi ilə əlaqə saxlanılmış, onun araşdırmada iştirakı təmin olunmuşdur.

Araşdırma ilə müəyyən edilmişdir ki, Seçki Məcəlləsinin tələblərinə zidd olaraq deputatlığa qeydə alınmış namizəd Ü.F.Həsənov və onun səlahiyyətli nümayəndəsi M.R.Hüseynov sosial şəbəkələr vasitəsi ilə paylaşılan video görüntülərdə qəsdən digər namizəd K.N.Qafarovun əleyhinə pozuculuq fəaliyyəti göstərir, müxtəlif şəxsləri bu fəaliyyətə qoşaraq onun nüfüzdan salınmasına, həmcinin seçkiqabağı təşviqat hüququnun həyata keçirilməsinə ciddi maneçilik törətməyə çalışırlar. Video görüntülərdən görünür ki, həmin şəxslər qanunla onlara verilmiş seçkiqabağı təşviqat hüquqlarından sui-istifadə edərək Seçki Məcəlləsində nəzərdə tutulmayan və qadağan edilən üsüllarla digər namizədin hüquqlarını pozan hərəkətlər edirlər. Belə ki, paylaşılan videolardan da görünür ki, bir neçə halda M.R.Hüseynov bəlli olmayan bir ərazidə vətəndaşlara yaxınlaşır, ironiyalı şəkildə K.N.Qafarov adlı namizədi tanıyırsınızmı sualını verir və həmin şəxslər də eyni qaydada “yox, tanımırıq” cavabını verirlər, sonra M.R.Hüseynov ikrahla gülür və namizədin nüfuzuna xələl gətirən hərəkətlər edir. Digər bir video görüntüdə M.R.Hüseynov namizəd K.N.Qafarovun kütləvi tədbir yolu ilə seçkiqabağı təşviqatının aparıldığı binanın qarşısında yaşlı bir qadını provokativ suallarla K.N.Qafarovun əleyhinə fikirlər söyləməyə sövq edir, bununla da namizədin seçicilərlə görüşünün pozulmasına şərait yaradan hərəkətlər edir.

Araşdırma prosesində namizəd K.N.Qafarovun kütləvi tədbir yolu ilə seçkiqabağı təşviqatında iştirak etmiş bəzi şəxslərin, o cümlədən vətəndaş Həsənli Muxtar Əli oğlu, Cəmilov Cəlal Fazil oğlu, Muradov Ramil Ramiz oğlunun verdikləri izahatlarla müəyyən edilir ki, Ü.F.Həsənov və M.R.Hüseynov bir qrup qadınları təşviqat aparılan gün binanın kənarında təlimatlandırıb və onlara təşviqatın həyata keçirilməsinə mane olmaq göstərişi vermişlər.

Araşdırma ilə müəyyən olunmuşdur ki, seçki qanunvericiliyinin tələblərini pozan həmin seçki subyektlərinin hərəkətləri Seçki Məcəlləsinin 112-1.11.2-ci və 113.1-ci maddələrinin tətbiqi üçün əsas yaradır. Belə ki, Seçki Məcəlləsinin həmin maddəsində göstərilir ki, namizəd, qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku, referendum üzrə təşviqat qrupu bu Məcəllənin tələblərini pozduğu hallarda müvafiq seçki komissiyası seçicilərə məlumat vermək şərti ilə həmin namizədə, qeydə alınmış namizədə, siyasi partiyaya, siyasi partiyaların blokuna, referendum üzrə təşviqat qrupuna kütləvi informasiya vasitələri ilə xəbərdarlıq edir.

Qeyd edilənlərə əsasən, şikayətin təmin edilməsi və Seçki Məcəlləsinin tələblərinin pozulmasına görə seçki subyektləri barədə qanunla müəyyən olunmuş qaydada tədbir görülməsi üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 112-1.11.2-ci, 113.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndə Abdullayeva Sevinc Qurban qızının 30 yanvar 2020-ci il tarixli 46 saylı müraciəti əsaslı olduğundan təmin edilsin.

2. 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Həsənov Ülvi Fəxrəddin oğlu və onun səlahiyyətli nümayəndəsi Hüseynov Mehman Rafiq oğluna xəbərdarlıq edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin