Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 yanvar 2020-ci il tarixli 4 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Qabil Sabir oğlu 3 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 28/225 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd Q.S.Məmmədov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanılaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə, yəni mülkiyyətində olan torpaq sahələri (0,95 ha) və 5 nəqliyyat vasitəsinin olduğu haqqında məlumatı təqdim etmədiyindən, həmçinin namizədliyinin müdafiəsi üçün imza vərəqələrində toplanmış seçici imzalarından 100-ü şübhə doğurduğundan, bunlardan 38-i Göyşaban bələdiyyəsi tərəfindən toplandığından dairə seçki komissiyasının müvafiq qərarı ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, o, iclasda iştirak etməkdən imtina etmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş Q.S.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını əmlak barəsində məlumatda mülkiyyət hüququ əsasında namizədə məxsus mövcud olan digər əmlakının göstərilməməsi, təqdim edilmiş imza vərəqələrindəki imzaların 100-nün etibarsız hesab edilməsi, həmçinin bunlardan 38-nin toplanmasında Göyşaban bələdiyyəsinin iştirak etməsi, imza vərəqəsində imzaların qoyulma tarixinin fərqli olması, imza vərəqəsində seçicilərə aid şəxsiyyət vəsiqələrinin məlumatlarının qeyri-düzgün göstərilməsi, seçki dairəsinin hüdudlarından kənarda seçici imzalarının toplanması və seçici imzalarının Qeydiyyat şöbəsinin bazasındakı imzalardan tam fərqli olduğunun müəyyən edilməsi ilə əsaslandırmışdır.

Araşdırma ilə əlaqədar müvafiq sənədlər dairə seçki komissiyasından alınaraq nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, namizəd Q.S.Məmmədovun təqdim etdiyi imza vərəqələri və onlara əlavə edilən seçki sənədlərinin yoxlanılması prosesində dairə seçki komissiyası seçki qanunvericiliyinin bəzi müddəalarını düzgün tətbiq etməmişdir.

Belə ki, namizəd mülkiyyət hüququ əsasında mövcud olan və ona məxsus daşınmaz və daşınan əmlak barədə məlumatı düzgün vermişdir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupunun 2020-ci il 8 yanvar tarixli rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışa əsasən namizəd Q.S.Məmmədovun əmlak barəsində məlumatda göstərdiyi əmlaklardan başqa ona məxsus digər əmlak dövlət qeydiyyatına alınmamışdır.

Həmçinin Q.S.Məmmədov tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş imza vərəqələri yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış işçi qrupuna təqdim edilmiş və imza vərəqələrindəki 496 imza ilə bağlı məlumatların düzgünlüyünün yoxlanılması barədə işçi qrupunun 8 yanvar 2020-ci il tarixli Protokoluna və rəyinə əsasən namizədin təqdim etdiyi imza vərəqələrində 38 seçici imzasının Göyşaban bələdiyyəsi tərəfindən toplanması, 19 seçicinin şəxsiyyət vəsiqəsinə aid məlumatlarının qeyri-düzgün göstərilməsi və seçki dairəsinin hüdudlarından kənarda imzaların toplanması halları müəyyən olunmuşdur.

Beləliklə, namizədliyin qeydə alınması üçün təqdim edilmiş imzalardan etibarsız hesab edilən seçici imzaları çıxıldıqdan sonra qalan imzalar Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin qeydə alınması üçün kifayət etmədiyinə görə onun namizədliyinin qeydə alınmasından imtina edilməsi əsaslı olmuşdur.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, Q.S.Məmmədovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 28/225 saylı Qərarının əsaslandırma hissəsindən namizədin əmlakı barədə məlumatın düzgün göstərilməməsi, imza vərəqəsində imzaların qoyulma tarixinin fərqli olması və seçici imzalarının Qeydiyyat şöbəsinin bazasındakı imzalardan tam fərqli olması hissələri çıxarılmalı, qərar digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 57.1-ci, 60.2.4-cü, 147.1-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Q.S.Məmmədovun 2 yanvar 2020-ci il tarixli 3 saylı müraciəti qismən təmin edilsin, dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 28/225 saylı Qərarının əsaslandırma hissəsindən namizədin əmlakı barədə məlumatın düzgün göstərilməməsi, imza vərəqəsində imzaların qoyulma tarixinin fərqli olması və seçici imzalarının Qeydiyyat şöbəsinin bazasındakı imzalardan tam fərqli olması hissələri çıxarılsın, qərar digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin