Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 4 yanvar 2020-ci il tarixli 7 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Cahandar Cahangir oğlu 4 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair 22 saylı Nəsimi ikinci seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 3 yanvar 2020-ci il tarixli 28/127 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələbinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd C.C.İsmayılov müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçici imzaları toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, təsisçisi olduğu hüquqi şəxsin VÖEN hesabının 2008-ci ildə bağlanması üçün müvafiq dövlət orqanına müraciət etməsinə baxmayaraq onun bu günədək aktiv olması barədə məlumatsız olduğu üçün maliyyə hesabatına bu barədə məlumatlar daxil edilməmiş, imza vərəqələrində isə 50 imza təsisçisi olduğu hüquqi şəxsin icraçı direktoru tərəfindən toplandığı üçün onların etibarsız sayılmasının qanunvericiliyin tələblərinə uyğun olmadığı, həmçinin buraxılan səhvlərin düzəldilməsi üçün dairə seçki komissiyasının onu 48 saat müddətində məlumatlandırmadığı bildirilmişdir.

Dairə seçki komissiyası C.C.İsmayılovun namizədliyinin qeydə alınmasından imtina barədə qərarını təqdim edilən imza vərəqələrindəki imzaların 63-nün etibarsız hesab edilməsi, əmlak barəsində məlumatda mülkiyyət hüququ əsasında namizədə məxsus mövcud olan digər əmlakın göstərilməməsi, həmçinin namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatda onun vergi ödəyicisi olmasının qeyd edilməməsi ilə əsaslandırmışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.

Araşdırma ilə əlaqədar müvafiq sənədlər dairə seçki komissiyasından tələb edilərək nəzərdən keçirilmiş və müəyyən edilmişdir ki, namizəd C.C.İsmayılovun təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması prosesində dairə seçki komissiyası seçki qanunvericiliyinin tələblərinə düzgün riayət etməmişdir. Namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumatda onun tərəfindən gəlirlərinin göstərilməməsi təsdiqini tapmamışdır. Namizəd mülkiyyət hüququ əsasında mövcud olan ona məxsus digər daşınmaz əmlakı barədə məlumat verməmişdir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun 2020-ci il 6 yanvar tarixli rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışa əsasən namizəd C.C.İsmayılovun Əmlak barəsində Məlumatda göstərdiyi əmlaklardan başqa ona məxsus digər əmlak da dövlət qeydiyyatına alınmışdır.

Namizəd C.C.İsmayılovun ona məxsus daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Namizəd C.C.İsmayılovun dairə seçki komissiyası tərəfindən qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün onu 48 saat müddətində məlumatdırmamasına dair iddiası əsassızdır. Belə ki, qeyd edilən hal düzəldilməsi mümkün olan nöqsanlar sırasına aid deyildir.

Göstərilənlərə əsasən müraciət qismən təmin edilməli, C.C.İsmayılovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 28/127 saylı Qərarının əsaslandırma hissəsindən imtinanın əsası kimi seçici imzalarının etibarsız sayılması və gəlirlərinin miqdarı və mənbələri barədə məlumatın göstərilməməsi çıxarılmalı, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 57.1-ci, 58-ci, 59-cu, 60.2.3-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş C.C.İsmayılovun 4 yanvar 2020-ci il tarixli 7 saylı müraciəti qismən təmin edilsin, dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 28/127 saylı Qərarının əsaslandırma hissəsindən imtinanın əsası kimi seçici imzalarının etibarsız sayılması və gəlirlərin miqdarı və mənbələri barədə məlumatın göstərilməməsi çıxarılsın, qərar digər hissədə dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin