Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 5 yanvar 2020-ci il tarixli 8 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Samir Qəzənfər oğlu 5 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 31 dekabr 2019-cu il tarixli 35/465 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd S.Q.Həsənov müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumatı düzgün təqdim etmədiyinə görə dairə seçki komissiyasının müvafiq qərarı ilə namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyası S.Q.Həsənovun namizədliyinin qeydə alınmasından imtina barədə qərarını namizədin öz əmlakı barədə düzgün məlumat verməməsi ilə əsaslandırmışdır.

Araşdırma ilə əlaqədar müvafiq sənədlər dairə seçki komissiyasından tələb edilmiş və müəyyən olunmuşdur ki, namizəd S.Q.Həsənov mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlakı barədə məlumatı dairə seçki komissiyasına verməmişdir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun 2020-ci il 7 yanvar tarixli rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışa əsasən namizəd S.Q.Həsənova məxsus daşınmaz əmlak dövlət qeydiyyatına alınmışdır.

Namizəd S.Q.Həsənovun ona məxsus daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, S.Q.Həsənovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 31 dekabr 2019-cu il tarixli 35/465 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Samir Qəzənfər oğlunun 5 yanvar 2020-ci il tarixli 8 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 31 dekabr 2019-cu il tarixli 35/465 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin