Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2020-ci il tarixli 10 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 44 saylı Sumqayıt – Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əlixanov Toğrul Mustafa oğlu 6 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizədliyinin qeydə alınmasından imtinaya dair 44 saylı Sumqayıt – Xızı seçki dairəsi dairə seçki komissiyasının (dairə seçki komissiyası) 1 yanvar 2020-ci il tarixli 1/2 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və pozulmuş hüquqlarının bərpa olunaraq namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd T.M.Əlixanov müraciətində qeyd etmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 44 saylı Sumqayıt – Xızı seçki dairəsi üzrə namizədliyini öz təşəbbüsü ilə müvafiq qaydada irəli sürmüş, həmin dairənin ərazisində seçicilərin imzasını toplayaraq imza vərəqələrini və ona əlavə edilmiş digər zəruri sənədləri dairə seçki komissiyasına təqdim etmiş, ancaq dairə seçki komissiyasının müvafiq qərarı ilə əsassız olaraq onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Dairə seçki komissiyası namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş T.M.Əlixanovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslan-dırmışdır ki, namizədliyin qeydə alınması üçün etibarlı seçici imzalarının sayı yetərli olmamışdır.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun iclasda iştirakı təmin olunmuşdur.

Araşdırma prosesində Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən namizədin qeydə alınması üçün zəruri olan sənədlərin yoxlanılması nəticəsində tərtib edilmiş 7 yanvar 2020-ci il tarixli protokol və rəylərdən görünür ki, T.M.Əlixanovun namizəd kimi qeydə alınması üçün təqdim etdiyi imza vərəqələrində olan seçici imzaları Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalara uyğun toplanılmışdır. Belə ki, namizəd tərəfindən toplanılmış 470 seçici imzasından 458-i etibarlı hesab edilmişdir ki, bu da namizədin qeydə alınması üçün kifayət edir.

Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.

Qeyd edilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Beləliklə, aparılan araşdırmanın nəticələrinə əsasən şikayət əsaslı olduğundan təmin edilməli, dairə seçki komissiyasının T.M.Əlixanovun namizəd kimi qeydə alınmasından imtinaya dair 1 yanvar 2020-ci il tarixli 1/2 saylı qərarı ləğv edilməli və o, həmin seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 44 saylı Sumqayıt – Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əlixanov Toğrul Mustafa oğlunun 6 yanvar 2020-ci il tarixli 10 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 1 yanvar 2020-ci il tarixli 1/2 saylı qərarı ləğv edilsin.

2. 44 saylı Sumqayıt – Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əlixanov Toğrul Mustafa oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr     Məzahir Pənahov

Katib    Arifə Muxtarova

Katib    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin