Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 9 yanvar 2020-ci il tarixli 13 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (Milli Məclis) seçkilərdə 125 saylı Zəngilan – Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Rasim Adil oğlu 9 yanvar 2020-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 yanvar 2020-ci il tarixli 18 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdıraraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd R.A.Məmmədov müraciətində bildirmişdir ki, 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin mülkiyyət hüququ əsasında ona məxsus əmlak barədə məlumatı təqdim etmədiyinə görə dairə seçki komissiyasının müvafiq qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, o cümlədən onun Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş R.A.Məmmədovun namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını Əmlak barəsində məlumatda mülkiyyət hüququ əsasında namizədə məxsus olan daşınmaz əmlakının göstərilməməsi ilə əsaslandırmışdır.

Araşdırma ilə müəyyən olunmuşdur ki, namizəd R.A.Məmmədov mülkiyyət hüququ əsasında ona məxsus olan daşınmaz əmlakı barədə məlumatı dairə seçki komissiyasına verməmişdir. Bununla əlaqədar Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupunun 2020-ci il 11 yanvar tarixli rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş arayışa əsasən namizəd R.A.Məmmədova məxsus daşınmaz əmlak dövlət qeydiyyatına alınmışdır.

Beləliklə, R.A.Məmmədovun ona məxsus daşınmaz əmlak barədə dairə seçki komissiyasına düzgün məlumat verməməsi Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədin qeydə alınmasından imtina üçün əsasdır.

Göstərilənlərə əsasən şikayət təmin edilməməli, R.A.Məmmədovun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 yanvar 2020-ci il tarixli 18 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 125 saylı Zəngilan–Qubadlı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Rasim Adil oğlunun 9 yanvar 2020-ci il tarixli 13 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 yanvar 2020-ci il tarixli 18 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin