İDMAN
2020-ci ildə Niderlandda Formula 1 Qran-Prisi keçirilə bilər
Bakı, 2 noyabr, AZƏRTAC
Formula 1 sahibləri yenidən Niderland Qran-Prisini keçirmək təklifi ilə “Zandvort” avtodromuna müraciət ediblər.
AZƏRTAC xəbər verir ki, sonuncu dəfə 1985-ci ildə Formula 1 yürüşlərinin keçirildiyi bu avtodromda 2020-ci il Qran-Prisi təşkil oluna bilər.
Kral yarışları mərhələsinin keçirilməsi üçün ödəmə təxminən 20 milyon avro təşkil edir. “Zandvort”la yanaşı, Assen şəhərindəki trass da nəzərdən keçirilib. Ancaq Formula 1 sahibləri daha çox tarixi məna kəsb edən variant üzərində dayanıblar. Belə ki, “Zandvort”da Qran-Pri yarışları 1952-ci ildən 1985-ci ilədək keçirilib.
“Əgər biz müqaviləni imzalasaq, o zaman Formula 1 Qran-Prisi artıq 2020-ci ildə Niderlandda Maks Ferstappenin iştirakı ilə təşkil olunacaq. Hamı yaxşı başa düşür ki, bu, unikal fürsətdir”, - deyə “Zandvort” avtodromunun sahibi şahzadə Bernard Lippe-Bisterfeldski bildirib.
Daha əvvəl xəbər verilmişdi ki, Formula 1 yarışlarında tezliklə Vyetnam mərhələsi də keçiriləcək.