DÜNYA
2020-ci ildə dünyada silah istehsal edən ən iri şirkətlər tərəfindən satış artmaqda davam edib
Stokholm, 6 dekabr, AZƏRTAC
Dünyada ən iri silah istehsalçıları 2020-ci – pandemiya ilində satışı artırmaqda davam ediblər.
AZƏRTAC xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatları İnstitutu (SİPRİ) yeni məlumatlar dərc edib. 2020-ci ildə dünyada 100 ən iri hərbi sənaye şirkətləri tərəfindən həyata keçirilmiş silah və hərbi xidmətlər satışının həcmi 2019-cu illə müqayisədə 1,3 faiz artaraq 531 milyard dollara bərabər olub. Beləliklə, 100 ən iri müdafiə şirkətinin həyata keçirdiyi satışın həcmi dalbadal altıncı ildir ki, artıb.
Ən iri müdafiə şirkətləri reytinqinə daxil olmuş şirkətlərin çoxu yenə ABŞ-da olub. 2020-ci ildə reytinqdə təmsil olunmuş Amerika şirkətlərinin satdığı silahların ümumi həcmi 2019-cu illə müqayisədə 1,9 faiz artıb və 285 milyard dollara bərabər olub. Bu, siyahıdakı ümumi satış həcminin 54 faizinə bərabərdir.
Reytinqdə Amerika şirkətlərindən sonrakı yeri Çin firmaları tutur. Beş Çin şirkətinin 2020-ci ildə məcmu satış həcmi 66,8 milyard dollar və ya 2019-cu ilin göstəricisindən 1,5 faiz çox olub.
Avropa müdafiə şirkətlərinin nəticələri birmənalı olmayıb. İlk yüzlüyə daxil 26 Avropa şirkətinin silah satışının ümumi həcmi 109 milyard dollar və ya dünya üzrə silah satışının ümumi həcminin 21 faizi qədər olub.
Dünyanın 100 ən iri hərbi sənaye şirkətinin siyahısında Türkiyəni təmsil edən yeganə şirkət “Aselsan” olub. Bu şirkət 2019-cu ildə siyahıda 53-cü yerdə, 2020-ci ildə isə 51-ci yerdə olub.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm