DÜNYA
2020-ci maliyyə ilinin 11 ayında ABŞ-ın büdcə kəsiri 3 trilyon dollara çatıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Avqust ayında ABŞ-ın büdcə kəsiri 198 milyard dollar artaraq 2019-cu il oktyabrın 1-dən başlayan 2020-ci maliyyə ilinin 11 ayında 3 trilyon dollara çatıb.
AZƏRTAC Amerika KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məlumat ABŞ Konqresinin Büdcə İdarəsinin yayımladığı məruzədə yer alıb. Sənədə əsasən, Federal büdcənin ümumi kəsiri 2020-ci maliyyə ilinin ilk 11 ayında 3 trilyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 1,9 trilyon çoxdur.
Konqresin Büdcə İdarəsinin proqnozuna görə, cari maliyyə ilinin sonunadək büdcə kəsiri 3,3 milyard dollar olacaq. Beləliklə, ABŞ-ın büdcə kəsiri 1945-ci ildən bu yana ən yüksək həddə - ümumdaxili məhsulun 16 faizinə çatacaq. 2019-cu maliyyə ilində büdcə kəsiri 984 milyard dollar idi.
ABŞ Federal hakimiyyəti mart ayından bəri pandemiya şəraitində iqtisadi artımı stimullaşdırmaq üçün ölkə iqtisadiyyatına təxminən 3 trilyon vəsait ayırıb.
Qeyd edək ki, koronavirus infeksiyası 2019-cu ilin sonlarında Mərkəzi Çində qeydə alınıb və qısa müddət ərzində bir çox ölkəyə yayılıb. Martın 11-də Dünya Səhiyyə Təşkilatı xəstəliyi pandemiya elan edib. İnfeksiyanın yayıldığı bütün ölkələr təcili olaraq sanitar-epidemioloji xarakterli tədbirlər görmək məcburiyyətində qalıb ki, bu da dərin beynəlxalq iqtisadi böhrana səbəb olub. Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, cari ildə dünya iqtisadiyyatında təxminən 5 faiz həcmində eniş baş verəcək.