REGİONLAR
2022-ci ilin “Şuşa İli” elan olunması Şuşanın yenidən inkişafına töhfə verəcək
Saatlı, 14 fevral, Aydın Yavərzadə, AZƏRTAC
Saatlı rayon Mədəniyyət Mərkəzinin 2 saylı şəhər klubunda “Şuşa İli” çərçivəsində Şuşa şəhərinin 270 illiyi və Pənahəli xan barədə məlumat xarakterli toplantı təşkil olunub. Tədbirdə mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, çıxışlarda Şuşa şəhərinin XVIII əsrin 50-ci illərinin əvvəllərində Qarabağ xanı Pənahəli xan tərəfindən tikildiyi və ilk dövrlərdə şəhərin Şuşa ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırıldığı vurğulanıb. Qeyd olunub ki, Pənahəli xanın hakimiyyəti illərində Şuşada çoxlu abidələr tikilib, böyük sədd çəkilib, sənətkar məhəllələri yaradılıb. Şuşa şəhəri tarixən özünün sənətkarlıq məhsulları ilə də şöhrət qazanıb. XIX əsrin əvvəllərində şəhərdə 50-dən artıq sənət sahəsi üzrə ixtisaslaşmış böyük sənətkarlar ordusu fəaliyyət göstərib. Onların arasında toxucular, papaqçılar, çəkməçilər, dərzilər, dülgərlər çoxluq təşkil edirdi. Şəhərdə toxuculuq və xalçaçılıq xüsusilə geniş yayılmışdı.
Bildirilib ki, 1992-ci ildə Şuşanın ermənilər tərəfindən işğalı zamanı Şuşa sakinləri öz doğma yurdlarından didərgin düşmüş, bir çox mədəniyyət nümunələri erməni vandalizminə məruz qalaraq məhv edilmişdir. Diqqətə çatdırılıb ki, 44 günlük Zəfər yürüşü zamanı Azərbaycan Ordusunun parlaq Qələbəsi sayəsində Şuşa da öz azadlığına qovuşub.
Tədbirdə Prezident İlham Əliyevin Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etməsindən də danışılıb. Qeyd olunub ki, 2022-ci ilin “Şuşa İli” elan olunması Şuşanın yenidən inkişafına töhfə verəcək. Şuşa şəhərinin tarixi görkəmi bərpa ediləcək, əvvəlki şöhrəti özünə qaytarılacaq, ənənəvi dolğun mədəni həyatına qovuşacaq. Eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğ olunacaqdır.