Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (bundan sonra – Mərkəzi Seçki Komissiyası) 8 dekabr 2023-cü il tarixli 7/15 saylı Qərarı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilmişdir.

Bu seçkilərdə prezidentliyə irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələrindəki imzaların düzgünlüyünü və digər seçki sənədlərində olan müvafiq məlumatları yoxlamaq üçün Azərbaycan Respublikası Seçki Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlər daxil edilməklə müvafiq işçi qrupu yaradılmalı, Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərindən biri həmin qrupa rəhbər təyin edilməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü və 59.2-ci maddələrinə uyğun olaraq qərara alır:

1. 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün təqdim edilən imza vərəqələrində olan imzaların və digər məlumatların düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Hesablama Palatasının mütəxəssisləri sırasından ekspertlərdən ibarət İşçi qrupu yaradılsın.

2. Mərkəzi Seçki Komissiyasının üzvü Etibar Quliyev İşçi qrupunun rəhbəri təyin edilsin.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                                     Məzahir Pənahov

Katib                                    Arifə Muxtarova

Katib                                    Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin