Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 70 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıbəyli Cavid İbrahim oğlu 2024-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, seçki günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 31/76 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsi və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, səlahiyyətli nümayəndənin Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Namizəd C.İ.Hacıbəyli səsvermə günü bəzi seçki məntəqələrində müşahidəçilərə maneələr yaradıldığını, seçki qutularına digər namizədin xeyrinə əlavə bülletenlərin atıldığını, ona verilən səslərin düzgün hesablanmadığını və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına eyni məzmunlu müraciəti ilə bağlı həmin seçki komissiyası tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmişdir. O, müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmişdir.

Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, səsvermə günü 86 saylı Ağcabədi seçki dairəsinin bəzi seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmamış, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilməmişdir.

Araşdırma zamanı dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə olunmuş və təkrarən araşdırılmışdır. Araşdırma ilə əlaqədar qeydə alınmış digər namizədlərdən, seçki dairəsinin mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif namizədləri təmsil edən müşahidəçilərdən, komissiya üzvlərindən izahatlar alınmışdır.

Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısına, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokollar alınaraq onlara baxış keçirilmiş, seçki subyektlərindən alınmış seçki sənədləri tədqiq edilərək müəyyən edilmişdir ki, səsvermə günü 86 saylı Ağcabədi seçki dairəsinin 7 saylı seçki məntəqəsi istisna olmaqla, mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası müvafiq qərara əsasən düzgün nəticəyə gəlsə də, göstərilən seçki məntəqəsinə münasibətdə düzgün nəticəyə gəlməmişdir. Səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı hər hansı bir görüntü aşkarlanmamışdır.

Təqdim olunmuş videomateriala baxış keçirilərkən, eləcə də alınmış izahatların və digər seçki materiallarının təhlili nəticəsində 7 saylı seçki məntəqəsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən, qeyd edilən seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Buna görə də 86 saylı Ağcabədi seçki dairəsinin 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı Ağcabədi seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmədiyindən, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmamışdır.

Beləliklə, 86 saylı Ağcabədi seçki dairəsindən qeydə alınmış namizəd C.İ.Hacıbəylinin müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 86 saylı Ağcabədi seçki dairəsi üzrə qeydə alınmış namizəd Hacıbəyli Cavid İbrahim oğlunun 10 sentyabr 2024-cü il tarixli 70 saylı müraciəti qismən təmin olunsun, həmin seçki dairəsinin 7 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 86 saylı Ağcabədi seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 31/76 saylı qərarı 7 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin