Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 75 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlu 10 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin bəzi seçki məntəqələrində səsvermə günü qanun pozuntularına yol verildiyini iddia edərək, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarının ləğv edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş deputatlığa qeydə alınmış namizəd M.M.Hacılı müraciətində səsvermə günü 8 saylı Binəqədi birinci seçki dairəsinin 6, 7, 11, 12, 13, 14, 19, 20, 21, 22, 24, 28, 29, 30, 31, 33, 34, 35 və 36 saylı seçki məntəqələrində səsvermə prosesinin və səslərin hesablanması qaydasının qanunvericiliyin tələblərinə uyğun aparılmadığını və bəzi məntəqə seçki komissiyalarının formalaşdırılması zamanı Seçki Məcəlləsinin tələblərinin pozulduğunu iddia etmişdir. Ərizəçi müraciətə mübahisələndirilən seçki məntəqələri üzrə 16 ədəd akt və 1 ədəd elektron məlumat daşıyıcısı əlavə etmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, ərizəçi araşdırmada və Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

Müraciətin araşdırılması ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrar araşdırma aparılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçinin müraciətdə pozuntularla bağlı iddia etdiyi bütün xüsusatlar dairə seçki komissiyası tərəfindən qanunda nəzərdə tutulmuş müddətdə və qaydada, hərtərəfli, geniş, tam araşdırılmış, nəticədə dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarı ilə müraciət əsassız olduğundan təmin edilməmişdir.

Belə ki, dairə seçki komissiyası tərəfindən seçki günü pozuntuların baş verməsi iddia edilən məntəqə seçki komissiyalarında müşahidə aparmış müxtəlif siyasi partiyaları təmsil edən və ya öz təşəbbüsü ilə qeydiyyatdan keçmiş müşahidəçilərdən alınmış izahatlara və həmin müşahidəçilər tərəfindən tərtib edilmiş aktlara əsasən iddia edilən pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır. Seçicilərin sərbəst şəkildə öz iradələrini ifadə edərək səsvermədə iştirak etdikləri, bütün seçki subyektlərinə, o cümlədən müşahidəçilərə lazımi şərait yaradıldığı müəyyən edilmişdir. Seçki günü seçki dairəsi ərazisində müşahidə aparmış müxtəlif siyasi maraqları təmsil edən müşahidəçilər – 6 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 7 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 11 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 10 müşahidəçi, 12 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 13 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 14 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 19 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 20 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 21 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 22 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 24 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 28 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 29 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 30 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 31 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi, 33 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 14 müşahidəçi, 34 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 13 müşahidəçi, 35 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 12 müşahidəçi, 36 saylı seçki məntəqəsində müşahidəçi kimi iştirak etmiş 11 müşahidəçi seçki günü tərtib etdikləri aktlarda səsvermə prosesinin qanunauyğun və şəffaf keçdiyi, səslərin sayılması və protokolların tərtib edilməsinin Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyi, səsvermənin nəticələrinə dair protokolun surətini hər hansı maneə olmadan aldıqlarını öz imzaları ilə təsdiq etmişlər.

Müşahidəçi Eldar Nəbizadənin 20 saylı seçki məntəqəsinə gec buraxıldığı, 12 saylı seçki məntəqəsində müşahidəçi Cavad Qafarovun məntəqədən uzaqlaşdırıldığı və sonradan məntəqəyə buraxıldığı barədə iddialar araşdırma zamanı öz təsdiqini tapmamışdır. Müəyyən edilmişdir ki, həmin müşahidəçilər səsvermə prosesini və səslərin hesablanması qaydasını əvvəldən sonadək müşahidə etmişlər.

Ərizəçi tərəfindən təqdim edilmiş videogörüntülərin araşdırılması zamanı vətəndaşların seçki hüquqlarının pozulmasını əks etdirən hər hansı bir hal aşkar edilməmişdir.

Bundan əlavə, şikayətçinin ərizəsində seçki dairəsinin bəzi seçki məntəqələri üzrə məntəqə seçki komissiyalarının üzvlərindən bir neçəsinin seçki dairəsinin ərazisində yaşamaması iddiasının araşdırması zamanı müəyyən olunmuşdur ki, həmin seçki dairəsi üzrə bütün seçki məntəqələrinin məntəqə seçki komissiyalarının tərkibi Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun təşkil edilmişdir.

Seçki Məcəlləsinin 36.2-ci maddəsində qeyd edilir ki, məntəqə seçki komissiyasının 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları dairə seçki komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 2 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını dairə seçki komissiyasında təmsil edən üzvlər tərəfindən təqdim edilir. Məntəqə seçki komissiyasının üzvlüyünə namizədləri dairə seçki komissiyasında partiyaları təmsil edən dairə seçki komissiyasının üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları, heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını təmsil edən dairə seçki komissiyasının üzvlərinə isə seçicilər də (seçicilərin təşəbbüs qrupları) təklif edə bilərlər.

Yuxarıda göstərilənlərə əsasən müəyyən edilmişdir ki, dairə seçki komissiyası namizəd M.M.Hacılının şikayəti ilə bağlı aparılmış araşdırma zamanı düzgün hüquqi nəticəyə gəlmişdir.

Beləliklə araşdırma ilə namizəd M.M.Hacılının müraciətinin təmin edilməsi üçün hüquqi əsaslar olmadığından müraciət təmin edilməməli, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 8 saylı Binəqədi birinci seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Hacılı Mustafa Mustafa oğlunun 10 sentyabr 2024-cü il tarixli 75 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 36/95 saylı Qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin