Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 76 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi–Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizəd İsmayılov Cahandar Cahangir oğlu 2024-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, seçki günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 20/52 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsi və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd C.C.İsmayılov müraciətinə bir ədəd elektron informasiya daşıyıcısı və bir ədəd məntəqə seçki komissiyası protokolunun qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənməmiş surətini əlavə edərək səsvermə günü 22 saylı Nəsimi–Yasamal seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, dairə seçki komissiyasının üzvləri tərəfindən lider namizədin xeyrinə aşağı seçki komissiyalarına təsir olunduğunu iddia etmiş və seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılmasını, həmçinin dairə seçki komissiyasına, eyni məzmunlu müraciəti ilə bağlı həmin komissiyanın qəbul etdiyi qərarın ləğv olunmasını xahiş etmişdir.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada iştirakı təmin olunmuşdur. Ərizəçi Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

İddia edilən pozuntularla əlaqədar olaraq namizəd C.C.İsmayılovun şikayəti 22 saylı Nəsimi–Yasamal seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 20/52 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır. Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, aparılan araşdırma ilə səsvermə günü 22 saylı Nəsimi–Yasamal seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmamış, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilməmişdir.

Araşdırma zamanı dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas götürülmüş sənədlər tələb olunaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Araşdırma ilə əlaqədar həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizədlərdən izahatlar alınmışdır. İzahatlarda səsvermə günü səsvermə prosesi, səslərin sayılması və nəticələrin müəyyən edilərək protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət edildiyi göstərilmişdir.

Müraciətin hərtərəfli və qərəzsiz araşdırılması məqsədilə səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, həmçinin müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısına baxış keçirilmiş və səsvermə günü 22 saylı Nəsimi–Yasamal seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir.

Araşdırma prosesində müəyyən edilmişdir ki, namizəd C.C.İsmayılovun səsvermə günü baş verməsi iddia edilən qanun pozuntuları ilə əlaqədar müraciətinə dairə seçki komissiyası qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxmış, o cümlədən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə əsaslandırılmış qərar qəbul etmişdir.

Göstərilənlərə əsasən hazırkı şikayətin təmin edilməsi və dairə seçki komissiyasının mübahisələndirilən qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən 22 saylı Nəsimi–Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizəd C.C.İsmayılovun müraciəti əsassız hesab olunaraq təmin edilməməli, həmin dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 20/52 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 22 saylı Nəsimi–Yasamal seçki dairəsi üzrə qeydə alınmış namizəd İsmayılov Cahandar Cahangir oğlunun 10 sentyabr 2024-cü il tarixli 76 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 20/52 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib           Arifə Muxtarova

Katib           Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin