Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 77 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 70 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Nağıyeva Vəfa Cəmaləddin qızı 2024-cü il sentyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçki günü adıçəkilən seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini, seçki dairəsinin 23 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını və səsvermənin nəticələrinin etibarsız sayılması tələb edilən seçki məntəqələrinin nəticələri xaric edilməklə səsvermənin nəticələrinin yenidən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

V.C.Nağıyeva şikayətində seçkiqabağı təşviqat dövründə pozuntuların baş verdiyini, səsvermə günü müşahidə aparılması zamanı müşahidəçilərə maneələrin yaradıldığını, seçici fəallığının aşağı olduğunu, seçki qutularına birdən artıq bülletenin atıldığını, şəxslərin qrup halında seçki məntəqələrinə gəlməsini, daşınan seçki qutuları ilə səsvermədə qanun pozuntularının olduğunu, səslərin müşahidəçilərin müşahidəsi olmadan səsvermə otağından kənarda sayıldığını, bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair tərtib edilmiş protokolların surətinin ona verilmədiyini, səslərin sayılması zamanı elan olunan nəticələrlə Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilmiş nəticələrin uyğun gəlmədiyini və digər qanun pozuntularının olduğunu iddia edərək həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini, səsvermənin nəticələrinin etibarsız sayılması tələb edilən seçki məntəqələrinin nəticələri xaric edilməklə səsvermənin nəticələrinin yenidən hesablanmasını tələb etmişdir. Ərizəçi müraciətə özündə 86 qısamüddətli videogörüntünü əks etdirən, həmçinin səsvermənin nəticələrinə dair hamısı PDF formatlı olan 47 protokolun fotosurəti olan bir ədəd elektron informasiya daşıyıcısı əlavə etmişdir.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada iştirakı təmin olunmuşdur. Namizəd V.C.Nağıyeva Komissiyanın iclasına dəvət olunsa da, iclasa gəlməmişdir.

Dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.

Müraciətin seçkiqabağı təşviqatla bağlı hissəsi şikayətvermə müddəti ötürülməklə verildiyindən bu hissədə araşdırılma aparılmamışdır.

Namizəd V.C.Nağıyevanın şikayətinin təmin edilməməsi barədə dairə seçki komissiyasının qərarı onunla əsaslandırılmışdır ki, səsvermə günü seçki dairəsinin əksər seçki məntəqəsi üzrə seçici fəallığı aktiv olmuş, seçki məntəqələrinin həlledici səs hüquqlu üzvlərindən və səsvermə prosesini müşahidə etmiş müxtəlif siyasi partiyaları və öz təşəbbüsü ilə qeydə alınmış namizədləri təmsil edən müşahidəçilərin, səsvermə prosesini izləmək hüququna malik olan digər subyektlərin izahatları ilə mübahisələndirilən seçki məntəqələrində iddia edilən pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır.

Dairə seçki komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü V.C.Nağıyevanın 5, 6, 10, 22, 27, 34 və 35 saylı seçki məntəqəsində müşahidəçilərə təqdim edilmiş protokollarla Mərkəzi Seçki Komissiyasının internet saytında dərc edilmiş rəsmi protokollar arasında ziddiyyətlərin mövcudluğu barədə yazdığı müraciəti araşdırmaq üçün 05.09.2024-cü il tarixdə məntəqə seçki komissiyalarından verilən protokolların surətinin təqdim edilməsi barədə ona müraciət etsə də, o, protokolları təqdim etməkdən imtina etmişdir. Bununla bağlı ekspert qrupunun üzvləri tərəfindən müvafiq akt tərtib edilmişdir. Qərarda müraciətdə göstərilən bir sıra seçki məntəqələrində seçicilərin iradəsini düzgün əks etdirməyə mane olan hallara və 3, 9, 14, 20, 26, 27, 28, 38, 40, 41, 42 və 49 saylı seçki məntəqələrində müşahidəçilərə protokolların verilməməsinə dair iddiaların təsdiqini tapmadığı göstərilmişdir.

Müəyyən edilmişdir ki, namizədin şikayətinin araşdırılması ilə əlaqədar dairə seçki komissiyası tərəfindən həmin seçki dairəsi üzrə mübahisələndirilən seçki məntəqələrində müşahidə aparmış müxtəlif siyasi partiyaları və namizədləri təmsil edən müşahidəçilərdən, həmçinin həmin məntəqə seçki komissiyalarının üzvlərindən 200-dən çox izahat alınmışdır.

Araşdırma prosesində namizəd tərəfindən səsvermənin nəticələrinə dair 7 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyaları protokollarının surətləri təqdim olunmuşdur.

Araşdırma zamanı namizəd V.C.Nağıyeva və vəkili S.Abbasın iştirakı ilə şikayətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısında olan 86 videogörüntüyə baxış keçirilmiş, həmçinin namizəd tərəfindən araşdırmaya təqdim edilmiş 7 seçki məntəqəsi üzrə protokollar araşdırılmışdır.

Müraciətdə iddia edilən pozuntuların hərtərəfli və obyektiv araşdırılması məqsədilə seçki dairəsinin 5 seçki məntəqəsində quraşdırılan veb-kameraların səsvermə başlanandan bitənədək qeydə alınmış görüntülərinə, səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülərə, müraciətə əlavə edilmiş bir ədəd elektron məlumat daşıyıcısında olan görüntülərə baxış keçirilmiş, seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair namizəd tərəfindən təqdim edilmiş protokolların surəti ilə Mərkəzi Seçki Komissiyasına daxil olan protokol məlumatlarının müqayisəli təhlili aparılmış və səsvermə günü 70 saylı Neftçala seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrində səsvermə prosesində, səslərin hesablanması, səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi zamanı bu və ya digər şəkildə seçkilərin nəticələrinə təsir edə biləcək qanun pozuntuları aşkar edilmişdir. Bu səbəbdən də, həmin seçki məntəqələrində müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən, qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Araşdırma ilə müraciətdə mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir. Bu baxımdan dairə seçki komissiyası mübahisələndirilən qərarda əksər seçki məntəqələri üzrə düzgün nəticəyə gəlsə də, yuxarıda göstərilən seçki məntəqələrinə münasibətdə düzgün nəticəyə gəlməmişdir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 70 saylı Neftçala seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmədiyindən, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmamışdır.

Beləliklə, 70 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd V.C.Nağıyevanın müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarı 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 70 saylı Neftçala seçki dairəsi üzrə qeydə alınmış namizəd Nağıyeva Vəfa Cəmaləddin qızının 10 sentyabr 2024-cü il tarixli 77 saylı müraciəti qismən təmin olunsun, seçki dairəsinin 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.

2. 70 saylı Neftçala seçki dairəsi dairə seçki komissiyasının 7 sentyabr 2024-cü il tarixli 44/109 saylı qərarı 24, 27, 34, 35, 48 və 49 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.

3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr              Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin