Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 78 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd İsmayılov Sərdar Əbülfət oğlu 10 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin 80, 81, 83 və 84 saylı seçki məntəqələrinin təşkili və dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, ərizəçi araşdırmada və Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.

Namizəd S.Ə.İsmayılov müraciətində 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsinin 80 və 81 saylı seçki məntəqələri üzrə kimlərin səs verdiyi barədə onda məlumatın olmamasını, həmçinin 83 və 84 saylı seçki məntəqələrinin harada yerləşməsi barədə məlumatsız olmasını bildirərək həmin seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarının ləğv olunmasını xahiş etmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, 80 və 81 saylı seçki məntəqələri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Seçki Məcəlləsinin 35.2-ci və 47.2-ci maddələrində nəzərdə tutulmuş qaydada yaradılmışdır.

Müəyyən edilmişdir ki, seçki dairəsi üzrə 83 və 84 saylı seçki məntəqələri 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 13 avqust 2024-cü il tarixli 25/75 saylı qərarı ilə Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələblərinə uyğun yaradılmış, bu barədə dairə seçki komissiyasının qərarı müvafiq qaydada dərc edilərək ictimailəşdirilmişdir.

Beləliklə, 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsinin dairə seçki komissiyası S.Ə.İsmayılovun müraciətinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsas yaranmamışdır.

Bununla da, S.Ə.İsmayılovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 78 saylı müraciəti təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 60.1-ci, 112-ci, 112.1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Sərdar Əbülfət oğlu İsmayılovun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 sentyabr 2024-cü il tarixli 78 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 30/89 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr            Məzahir Pənahov

Katib            Arifə Muxtarova

Katib            Mikayıl Rəhimov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin