RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 79 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 52 saylı Yevlax seçki dairəsi üzrə Respublikaçı Alternativ (Real) Partiyasından qeydə alınmış namizəd Cəfərov Rəsul Ağahəsən oğlu 2024-cü il sentyabrın 11-də həmin seçki dairəsi dairə seçki komissiyasının hərəkətsizliyi və bəzi seçki məntəqələrində baş verməsi ehtimal edilən pozuntular barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Müəyyən olunmuşdur ki, namizəd tərəfindən 52 saylı Yevlax seçki dairəsinin dairə seçki komissiyasına 4 sentyabr 2024-cü il tarixdə elektron imza ilə təsdiqlənməyən müraciət göndərilmişdir. Həmin müraciətin Seçki Məcəlləsinin 112.5-ci maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədilə elektron müraciətin onun tərəfindən göndərilməsinin təsdiqi olaraq, namizəd R.A.Cəfərova müraciətin elektron imza ilə təsdiq edilməsi və ya müraciətin şəxsən imzalanması ilə bağlı dəfələrlə müraciət edilsə də, o, bundan imtina etmişdir.
Ərizə qanunvericiliyin tələbinə uyğun olaraq imzalanmadığından dairə seçki komissiyası tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 2.6-cı bəndinə uyğun olaraq anonim müraciət kimi işə alınmışdır.
Beləliklə, göstərilənlərə əsasən dairə seçki komissiyasının hərəkətsizliyi öz təsdiqini tapmamışdır.
Müəyyən edilmişdir ki, seçki məntəqələrində səsvermə günü baş verməsi iddia edilən qanun pozuntuları ilə bağlı hissədə şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin bu hissədə onu göndərən şəxsə geri qaytarılması barədə rəy vermişdir.
Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən, şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 2-ci hissəsinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 52 saylı Yevlax seçki dairəsi üzrə Respublikaçı Alternativ (Real) Partiyasından qeydə alınmış namizəd Cəfərov Rəsul Ağahəsən oğlunun 11 sentyabr 2024-cü il tarixli 79 saylı müraciəti 52 saylı Yevlax seçki dairəsinin dairə seçki komissiyasının hərəkətsizliyi hissəsində əsassız olduğundan təmin edilməsin, digər hissədə isə şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov