RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 sentyabr 2024-cü il tarixli 86 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 23 saylı Nəsimi–Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Əzizov Əziz Fatehoviç 12 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 25/84 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah olunmuş, ərizəçi araşdırmada və Komissiyanın iclasında iştirak etməkdən imtina etmişdir.
Namizəd Ə.F.Əzizov müraciətində seçki dairəsinin bir sıra seçki məntəqələrində iddia etdiyi qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına etdiyi müraciətin düzgün araşdırılmadığını, dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 25/84 saylı qərarının qanunla nəzərdə tutulmuş müddətdə ona çatdırılmadığını əsas gətirərək həmin qərarın ləğv edilməsini tələb etmişdir. Namizəd tərəfindən müraciətə 3 protokol nüsxəsi (qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş) əlavə edilmişdir.
Müraciətin araşdırılması ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrar araşdırma aparılmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçinin müraciətdə pozuntularla bağlı iddia etdiyi bütün hallar dairə seçki komissiyası tərəfindən qanunda nəzərdə tutulmuş qaydada araşdırılmış, nəticədə dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 25/84 saylı qərarı ilə müraciət əsassız olduğundan təmin edilməmişdir.
Araşdırmanın tərkib hissəsi kimi dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir.
Ərizəçi tərəfindən təqdim edilmiş 3 protokol nüsxəsinin (qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş) rəsmi protokollarda olan məlumatlarla müqayisəli araşdırılması, səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülər və iş üzrə təqdim edilən digər materialların araşdırılması zamanı 17 saylı seçki məntəqəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkarlanmışdır.
Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından, 17 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Araşdırma ilə dairə seçki komissiyasının mübahisələndirilən qərarının namizəd Ə.F.Əzizova vaxtında çatdırılmaması ilə bağlı iddia araşdırma zamanı öz təsdiqini tapmamışdır.
Beləliklə, Ə.F.Əzizovun müraciəti qismən təmin edilməli, 17 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab olunmalı, dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 25/84 saylı qərarı 17 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilməli, qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 23 saylı Nəsimi–Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Əzizov Əziz Fatehoviçin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 sentyabr 2024-cü il tarixli 86 saylı müraciəti qismən təmin olunsun, 17 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 23 saylı Nəsimi–Səbail seçki dairəsi dairə seçki komissiyasının 6 sentyabr 2024-cü il tarixli 25/84 saylı qərarı 17 saylı seçki məntəqəsinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov