RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 sentyabr 2024-cü il tarixli 88 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızı 12 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçki günü seçki dairəsinin bəzi seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 23/71 saylı qərarını mübahisələndirmiş, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırmada iştirakı təmin edilmişdir. Ərizəçi Komissiyanın iclasına gəlməmişdir.
Namizəd Ü.M.Şükürova müraciətində səsvermə günü 24 saylı Nizami birinci seçki dairəsinin seçki məntəqələrində səsvermə prosesinin və səslərin hesablanmasının qanunvericiliyin tələblərinə uyğun aparılmadığını iddia edərək, araşdırmanın yenidən aparılmasını və həmin seçki dairəsi üzrə nəticələrin ləğv edilməsini tələb etmişdir.
İddia edilən pozuntularla əlaqədar olaraq namizəd Ü.M.Şükürovanın şikayəti 24 saylı Nizami birinci seçki dairəsinin dairə seçki komissiyası tərəfindən araşdırılmış, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 23/71 saylı qərarı ilə müraciət əsassız hesab edilərək təmin olunmamışdır. Dairə seçki komissiyası qərarını onunla əsaslandırmışdır ki, aparılan araşdırma ilə səsvermə günü seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia olunan qanun pozuntuları təsdiqini tapmamış, səsvermənin keçirilməsi və nəticələrin müəyyənləşdirilməsi zamanı seçicilərin iradəsini sərbəst şəkildə ifadə etməyə imkan verməyən qanun pozuntuları aşkar edilməmişdir.
Dairə seçki komissiyasından mübahisələndirilən qərarın qəbul edilməsi üçün əsas olmuş sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır.
Araşdırmanın tərkib hissəsi kimi dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq onlara baxış keçirilmişdir. Ərizəçi tərəfindən təqdim edilmiş 26 protokol nüsxəsinin (qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqlənmiş) rəsmi protokollarda olan məlumatlarla müqayisəli araşdırılması, səsvermə günü sosial şəbəkələrdə həmin seçki dairəsinin seçki məntəqələrində baş verməsi iddia edilən pozuntularla bağlı yayımlanmış görüntülər və iş üzrə təqdim edilən digər materialların araşdırılması zamanı 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələri üzrə seçkilərin nəticələrinə təsir edə biləcək müxtəlif xarakterli pozuntular aşkar edilmişdir. Bu səbəbdən də, göstərilən seçki məntəqələrində müəyyən edilmiş qanun pozuntuları seçki qanunvericiliyinin tələblərinə görə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hal kimi qiymətləndirildiyindən, qeyd edilən seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.
Araşdırma ilə müraciətdə mübahisələndirilən digər seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları təsdiqini tapmamış, seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar aşkar edilməmişdir.
Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:
- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;
- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.
Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilən seçki məntəqələrinin sayı seçki dairəsi üzrə seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etmədiyindən, seçki dairəsi üzrə seçkilərin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmamışdır.
Beləliklə, 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Ü.M.Şükürovanın müraciəti qismən təmin edilməli, həmin seçki dairəsinin 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 23/71 saylı qərarı 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilməli, digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 24 saylı Nizami birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Şükürova Ülviyyə Məmməd qızının 12 sentyabr 2024-cü il tarixli 88 saylı müraciəti qismən təmin olunsun, seçki dairəsinin 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. 24 saylı Nizami birinci seçki dairəsi dairə seçki komissiyasının 8 sentyabr 2024-cü il tarixli 23/71 saylı qərarı 4, 6, 28, 31 və 33 saylı seçki məntəqələrinə aid hissədə ləğv edilsin, digər hissələrdə dəyişdirilmədən saxlanılsın.
3. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov