RƏSMİ SƏNƏDLƏR
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 89 saylı müraciətə baxılmasına dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahverdiyev Araz Vəli oğlu 13 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək həmin seçki dairəsinin 83 və 84 saylı seçki məntəqələrinin təşkili və dairə seçki komissiyasının 11 sentyabr 2024-cü il tarixli 31/91 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini və müvafiq tədbir görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma ilə bağlı müraciət etmiş namizədlə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir. Araşdırma prosesində o, telefon vasitəsilə şikayət üzrə bir sıra məqamlara aydınlıq gətirsə də, araşdırmaya və Komissiyanın iclasına gəlməmişdir.
Namizəd A.V.Şahverdiyev müraciətində 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsinin bir sıra seçki məntəqələrində səsvermə günü pozuntular olmasını, həmçinin 83 və 84 saylı seçki məntəqələrinin harada yaradılması və yerləşməsi barədə məlumatsız olmasını bildirərək seçki dairəsinin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və qeyd edilən seçki məntəqələrinin yaradılması barədə ona məlumat verilmədiyinə görə tədbir görülməsini tələb etmişdir.
Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından müvafiq sənədlər alınaraq araşdırma materiallarına əlavə edilmiş və təkrarən araşdırılmışdır. Mərkəzi Seçki Komissiyasında aparılmış tam, hərtərəfli, obyektiv araşdırma zamanı namizədin mübahisələndirdiyi seçki məntəqələri üzrə müvafiq seçki subyektlərindən, o cümlədən səsvermə günü həmin seçki məntəqələrində səsvermə prosesini müşahidə etmiş müşahidəçilər, məntəqə seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri, qeydə alınmış digər namizəd tərəfindən verilmiş izahatlarda iddia edilən qanun pozuntuları öz təsdiqini tapmamışdır.
Bundan əlavə, araşdırma ilə müəyyən edilmişdir ki, seçki dairəsi üzrə 83 və 84 saylı seçki məntəqələri 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi dairə seçki komissiyasının 13 avqust 2024-cü il tarixli 25/75 saylı qərarı ilə Seçki Məcəlləsinin 35.5-ci maddəsinin tələblərinə uyğun yaradılmış, bu barədə dairə seçki komissiyasının qərarı müvafiq qaydada dərc edilərək ictimailəşdirilmişdir. Həmin seçki məntəqələrinin yaradılması barədə qərarın ictimailəşdirilməsi seçki dairəsi üzrə qeydə alınmış digər namizəd Ağayeva Natəvan Məhərrəm qızının izahatı ilə öz təsdiqini tapmışdır.
Araşdırma ilə namizəd A.V.Şahverdiyevin müraciətində iddia etdiyi digər hallara aid pozuntuların baş verməsi öz təsdiqini tapmamışdır.
Beləliklə, 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsinin dairə seçki komissiyası namizəd A.V.Şahverdiyevin müraciətinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəldiyindən, dairə seçki komissiyasının 11 sentyabr 2024-cü il tarixli 31/91 saylı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.
Bununla da, namizəd A.V.Şahverdiyevin Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 89 saylı müraciəti təmin edilməməli, dairə seçki komissiyasının mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112.1-ci maddələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahverdiyev Araz Vəli oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 sentyabr 2024-cü il tarixli 89 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 11 sentyabr 2024-cü il tarixli 31/91 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov